Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır... – FOTO
Bakıda 16 mərtəbəli binada baş vermiş və 15 nəfərin ölümünə səbəb olmuş dəhşətli yanğından sonra bu faciəyə gətirib çıxaran bu odadavamsız poliuretan üzlüklərin kütləvi şəkildə sökülməsinə başlanıldı.
Söküntü işlərinə yüzlərlə işçi və çoxsaylı texnika cəlb olunub. İritonnajlı yük maşınları hər gün on tonlarla zəhərli kimyəvi tərkibə malik penoplast və poliuretanı Bakıdan kənara daşıyır.
[/center]
Bu da təbii sual yaradır: on tonlarla zəhərli maddə hara daşınır, harada toplanır?
Virtualaz.org saytı bu suala cavab axtarıb.
Əlbəttə, ilk ağla gələn o idi ki, bu məhsullar ola bilsin Balaxanıya - məişət tullantılarının emalı zavodun aparılır. Amma o da məlumdur ki, poliuretanı emal etmək mümkün deyil. Onu Balaxanıda utilizasiya etmək olarmı?
Bu suala cavab almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik. Nazirlikdən gələn cavab konkret oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, sökülən üzlüklər ETCN nəzdindəki Təhlükəli Tullantıların İdarə Edilməsi üzrə Milli Mərkəzin poliqonuna daşınır.
50 hektar ərazini əhatə edən həmin poliqon Abşeron rayonunda yerləşir. Müxbirimiz ETSN-in dəstəyi ilə poliqona baş çəkərək zərərli materialların orada necə məhv edilməsinin şahidi olub.
Xüsusi geyim olmadan giriş qadağandır
Poliqona daxil olmaq elə də asan deyil. Ora çox ciddi şəkildə qorunur. Poliqona yalnız rəsmi icazə ilə girmək olar.
Milli Mərkəzin meneceri Bağır Hidayətov xəbərdarlıq etdi: “Sizin gəlişiniz barədə məlumatlıyıq. Amma rəsmi icazənin olması da sizi təhlükəsizlik texnikası qaydalarına riayət etmək məsuliyyətindən azad etmir.
Poliqona daxil olmaq üçün qoruyucu dəbilqə, respirator, xüsusi eynəklər, xüsusi geyim geyinməlisən. Ərazidə siqaret çəkmək də olmaz.
B.Hidayətovla birgə “poliuretan qəbiristanlığı”na gedirik. O deyir ki, sökülmüş üzlüklərlə dolu ilk yük maşınları əvvəllər sovet ordusunun kimyəvi maddələr poliqonu olmuş bu əraziyə mayın 21-dən, yəni yanğından iki gün sonra gəlməyə başlayıb.
“İlk gündə 14 yük maşını material gətirildi. Sonra isə gün keçdikcə poliqona üz tutan yük maşınlarının da sayı artdı. Məsələn, mayın 25-də 245 maşın söküntü üzlük tullantısı qəbul etmişik. Bu günə (mayın 26-na-red.) qədər bura üst-üstə 760 yük maşını poliuretan daşınıb. Həmin tullantıların ümumi həcmi 12 min kubmetr təşkil edir. Lakin hələ bu da hamısı deyil. Yük daşınmaqda davam edir” - deyə B.Hidayətov bildirir.
Utilizasiya üçün gətirilən zərərli yük müxtəlif tutuma malik yük maşınlarında daşındığından tullantıların həcmini müəyyən etmək üçün tərəzilər qurulub. Hər maşının gətirdiyi yükün dəqiq qeydiyyatı aparılır.
Poliqonun meneceri bildirir ki, sökülmüş üzlüklər ümumi tutumu 250 min kubmetr olan “qəbirə” boşaldılır. Həmin “çala-məzar” daxildən geomembran örtüklə örtülüb ki, bu da zəhərli kimyəvi maddələrin torpağa qarışmasının qarşısını alır. Çala zəhərli tullantı ilə dolandan sonra onun üstü qrunt torpaqla doldurulub preslənir. Daha sonra həmin ərazi üst tərəfdən də geomembranla örtülür, təhlükəsizlik məqsədilə xüsusi üsullarla bağlanır.
Poliqonda olduğumuz bir saat müddət ərzində çalaya poliuretan boşaldan 10-dan çox iritonnajlı maşın saydıq. Maşınlar isə gəlməkdə davam edirdi...
Təəssüf ki, tezalışan və zəhərli üzlükləri tam məhv etmək mövcud texnoloji imkanlar xaricindədir. Ona görə də onları hələlik “konservləşdirirlər”. Ola bilər elə imkanlar açılsın ki, onlardan müxtəlif sintetik məhsullar və ya yanacaq almaq mümkün olsun. Lakin bir daha deyək ki, burada basdırılan poliuretanın torpağa qarışmaq təhlükəsi yoxdur.
“Bizim sərəncamımızdakı avadanlıqlar ətraf mühitin çirklənməsinin qarşısını almağa və zəhərli tullantıları təhlükəsiz şəkildə basdırmağa imkan verir. Bu ərazidə mütəmadi olaraq torpağın və suyun analizi aparılır. Hər üç aydan bir isə radioaktiv fon ölçülür. Bizim poliqon müasir sanitar-epidemioloji və ekoloji tələblərə tam cavab verir” - deyə B.Hidayətov bildirir.
Yeri gəlmişkən, burada ətraf mühitdən danışmaq da çətindir. Hər tərəf quru səhralıqdır. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Bu ərazidəki torpaqların kənd təsərrüfatı üçün yararlı olmadığı hələ sovet vaxtında təsbit olunmuşdu. Ona görə də 2003-cü ildə Milli Mərkəz üçün poliqon tikilərkən bu ərazinin seçilməsi heç də təəccüblü deyil. İndi bura binalarımızın qorxulu üzlüklərinin son dayanacaq yeridir...
Mənbə:> Virtualaz.org