İcra başçısının Kəmaləddin Heydərova qarşı “teatrı” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

İcra başçısının Kəmaləddin Heydərova qarşı “teatrı”

İcra başçısının Kəmaləddin Heydərova qarşı “teatrı”



Çoxmərtəbəli binanın yanmasından artıq üç gün keçib. Lakin sakinlər pəncərələri qaranlıq və boşluq saçan binalarının ətrafına toplaşmaqda davam edirlər. Sanki evlərinin doğrudan da yandığına, amma binanın da öz yerində qaldığına bir daha əmin olmaq üçün... Toplaşırlar ki, təzə xəbərləri bir-birlərinə çatdırsınlar, nəyisə xatırlasınlar, bir yerdə olsunlar, dərdləşsinlər...

Dövlət artıq bütün zərərçəkənləri müvəqqəti mənzillə təmin edib, onlara kompensasiya ayırıb. Bir sözlə, dövlət əlindən gələn hər şeyi edib ki, böyük faciə yaşamış bu insanlar özlərini unudulmuş hiss etməsinlər.

Yüzlərlə bakılı, paytaxt sakinləri də zərərçəkənlərə ürək-dirək və dəstək vermək üçün hər gün yanan binanın ətrafına gəlir. BŞİH başçısı zərərçəkənlərlə hər gün görüşür. İnsanlara yeni və ümidverici xəbərlər gətirir. Onların problemləri ilə maraqlanır. Bu problemlərin çoxunu elə yerindəcə həll edir.

Bu insanların problemləri isə çoxdur. Özü də söhbət təkcə maddi problemlərdən getmir. Lakin BŞİH başçısı ev-eşiyini itirmiş hər bir insanın ürəyinə yol tapmağı, onlara qayğı göstərməyi bacarır. BŞİH başçısı ilə zərərçəkənlərin göz yaşları içində danışmağı, dərdləşməyi bir növ ənənəyə çevrilib. Bunu da xüsusi qeyd etməliyik ki, onlarla bərabər yüzlərlə bakılı, on minlərlə televiziya tamaşaçısı da bu səhnələrdən kövrəlib mütəəssir olur...

Bu da tamamilə normaldır. Burada əlavə sözə ehtiyac qalmır. Amma...

Amma bizim bir çox başabəla məmurlar matəmi, matəm mərasimini... adi sovet teatr “massovka”sına çevirmək üçün daha nələrə əl atmırlar ki!

Hacıbala Abutalıbovun zərərçəkənlərlə növbəti görüşündən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov da öz sözünü deməyi qərara aldı. X.İsgəndərov ya şəhər merinin gözünə şirin görünmək istədi, ya Puşkinin qəhrəmanı kimi, “bundan daha yaxşısını düşünüb tapa bilmədi”, ya da ki, komsomol illərini yada saldı, amma onun “massovka”sı açıq-aydın alınmadı. Hər şey çox bayağı və bəsit teatrlaşdırılmış səhnəyə bənzəyirdi. Üstəlik camaat da Bakının ən çox korrupsiyalaşmış rayonlarının icra başçısına əl çalmaq istəmədi.

Bu səhnəni hətta təsəvvür etmək belə çətindir, amma faktdır: hər cür şou proqramlarına aludə olan Azərbaycan telekanallarının da matəm fasiləsi elan etdiyi bu ağrı-acılı günlərdə paytaxtın aparıcı rayonlarından birinin başçısı vətənpərvərlik şüarları qışqıran 100-ə yaxın adamı haradansa çıxarıb hasarlanmış meydançaya topladı. Bu adamların vətənpərvərlik şüarları da özünəməxsus idi. O şüarlar da sırf sovet ruhunda idi...

Əgər bu adamların səsləndirdiyi şüarların zərərçəkənlərə, yaxud onların faciəsinin mənbəyinə - Bakını ölüm saçan poliuretana bürümüş Martirosovlara və onların tərəfdaşlarına hansısa bir şəkildə aidiyyəti olsaydı, Binəqədi RİH başçısının bu oyununu yenə haradasa başa düşmək olardı. Lakin təəssüf ki, “massovka” iştirakçılarının bu çığırtılarının zərərçəkənlərin üzləşdiyi fəlakətə heç bir dəxli yox idi.

Razılaşın ki, hakimiyyətlə xalqın birliyi haqdakı standart sovet şüarlarının əzbərlətdirilməsi, ölkə rəhbərliyinin şəninə təriflər yağdırılması başqa bir auditoriyaya hesablanmış gediş idi.

Elə görünə bilər ki, Xaləddin İsgəndərov tələsdiyindən “massovka” iştirakçılarına yeni şüarlar paylamağa macal tapmayıb. Lakin dərindən düşünəndə artıq başqa qənaətə gəlirsən. Rayonun icra başçısı dünənki məktəbli deyil. O, indiyədək artıq xeyli sayda yüksək səviyyəli tədbir keçirib, təcrübəsi var.

Əgər bunları İsgəndərova heç vaxt heç kim öyrətməyibsə də belə hallarda hansı şüarları söyləmək lazım olduğunu bütün bu müddət ərzində o, özü də öyrənə bilərdi. Matəm mərasimlərində heç bir şüar və qışqırıqların tələb olunmadığını, bunun yersiz olduğunu anlamaq üçünsə belə böyük bir vəzifəni tutmaq da lazım deyil, buna ehtiyac yoxdur.

Burada isə başqa məqamlar üzə çıxır. Məsələn, Binəqədi RİH-in yanan evin odadavamsız üzlüklərlə üzlənməsində iştirakı...

Virtualaz.org saytının artıq xəbər verdiyi kimi, RİH-in şöbə müdiri və icra başçısının keçmiş I müavini artıq həbs olunublar. Qabağa qaçmaq və istintaqın gedişinə müdaxilə etmək istəməzdik. Amma bu həbslərin kölgəsi RİH başçısının da üzərinə düşür. Görünür, buna görədir ki, İsgəndərov özünü rəhbərliyə hansısa şəkildə yaxşı göstərmək, bununla yanaşı isə əhali arasında günbəgün ölən nüfuzunu qorumağa çalışmaq qərarı verib.

Binəqədi RİH başçısı öz günahını başa düşmək, səhvlərini etiraf etmək əvəzinə FHN-ə açıq-aşkar hücuma keçdi.

İndi sual olunur: Binəqədidəki praktiki olaraq bütün binaların odadavamsız materiallarla üzlənməsinin FHN-nə nə aidiyyəti var?

Xaləddin İsgəndərov deyir ki, üzlənmə üçün lisenziyanı Kəmaləddin Heydərovun nazirliyi verib. Buradan da görünür ki, icra başçısı nəinki tam savadsızdır, bu adamın heç dövlət orqanlarının fəaliyyəti barədə elementar informasiyası da yoxdur.

Əvvəla, lisenziyanı FHN yox, dövlət qurumu yanında muxtar statusla fəaliyyət göstərən Dadaşov adına Elmi-Tədqiqat İnstitutu (ETİ) verir. İkincisi, Binəqədi rayonundakı binaların üzlənməsində istifadə olunmuş poliuretan nümunələri 2012-ci ildə məhz bu ETİ-də ekspertizadan keçirilib.

Lakin burada çox vacib bir detal var. Təqdim olunan ərizədə bu materialdan binaların üzlənməsində istifadə olunacağı göstərilməyib.

Digər tərəfdən, bu və ya digər dövlət qurumunun və məmurların məsuliyyət dərəcəsi istintaq tədbirlərinin gedişində müəyyən ediləcək. Bəs onda Binəqədinin icra başçısı qabağa niyə qaçır, yanğına görə bütöv bir nazirliyi ittiham edir? Əsas məsələ bax budur.

İsgəndərov bəlkə bir az da öz məsuliyyəti haqda düşünsün?! Axı digər rayonların icra başçıları ağıllı davranaraq öz rayonlarında poliuretandan üzlük materialı kimi istifadə etməkdən imtina ediblər.

Sual yaranır: İsgəndərova da bu üzlükdən imtina etməkdə nə mane olmuşdu? Beyin harada qalmışdı? Bəlkə o, Miryusif Mahmudovun adamları ilə pay şəriki idi?!

Hər halda Binəqədi RİH başçısı özünü həddən artıq şübhəli aparır. Adamın əsəbləri dözmür. Xüsusilə də prezidentin böyük rezonans doğuran sərt, tənqidi və ifşaedici çıxışından sonra. Hadisələrin necə bitəcəyini gözləyək. O qədər də çox qalmayıb...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *