İlham Əliyev: "Mənə yanğın haqda ziddiyyətli məlumatlar gəlir" – VİDEO
Hazırda Bakı şəhərində oxşar üzlük materiallarla üzlənmiş binalar kifayət qədər çoxdur. Bəzi məlumatlara görə, onların sayı hətta 200-dən çoxdur. Mən artıq dünəndən Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı bir təhlükə varsa, tezliklə üzlük materialları sökülsün, çıxarılsın, beləliklə, heç bir təhlükə olmasın”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında deyib.
Prezident vurğulayıb ki, bu işlər indiyə qədər görülməli idi: “Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi. Mənə müxtəlif məlumatlar gəlir. Bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə də bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyır. Hər kəs nəticə çıxarmalıdır, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
Dövlət başçısı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: “Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”.
Mənbə:> Virtualaz.org