Yanmış bacı-qardaşın dəfni – FOTO
Binəqədidə alışan 16 mərtəbəli binada yaşayan bir ailə iki əzizini itirdi dünən. ANS PRESS-in məlumatına görə, məlum faciədə həlak olan 60 yaşlı Bağırova Firəngiz Rəhim qızı və 53 yaşlı Bağırov Sahibin boğulmuş və yanmış cəsədləri bu səhər Göy Məsciddə yuyuldu.
Bu ailədə iki ay əvvəl yas olmuşdu. Ailənin böyüyü Rəhim kişi 92 yaşında dünyasını dəyişmişdi. Amma oğlu və qızı onun qədər yaşaya bilmədi...
Mərhumların yas mərasimi böyük qardaşlarının yaşadığı binanın həyətində qurulmuş çadırda düzənlənmişdi. Meyidlər məsciddən birbaşa ora aparıldı. Cənazələr dua oxunduqdan sonra yerdən qaldırdı. Onlar Badamdar qəbiristanlığında torpağa tapşırıldı.
Bir gündə bacısını və qardaşını itirmiş Məlahət Bağırova demək olar ki, başını itirmişdi. Əvvəlcə bizim çəkiliş aparmağımıza razılıq vermədi. Sonra isə, fikrini dəyişərək, "Nə istəyirsiz edin. Onsuz da itirəcək bir şeyimiz qalmayıb. Bacım-qardaşım öldü, evimiz bütün əşyaları ilə yandı. Daha nə itirəcək ki?! Dünən 1000 manat pul verirdilər, onu da götürmədik. O pul bizim haramıza çatacaq?"
Artıq bu dünyada olmayan Firəngiz və Sahiblə bir mənzildə yaşadığını deyən Məlahət xanım, dünəndən bəri yanmış mənzillərinə daxil ola bilmədiyini deyir: "Yas çadırına asmaq üçün bacı-qardaşımın şəkli lazımdır. Evə girə bilmirik ki, lazım olan şeyləri götürək. Bacımın məclisidir, amma şəkli yoxdur divarda. Qardaşıımınkını isə telefondan tapıb, böyütdürmüşük. Məni Fatmayiyə göndərirdilər, bacı-qardaşımın meyidini qoyub heç yerə gedə bilmədim. Ora getsəydim, səhər-səhər necə qayıdacaqdım bura? Gecəni küçədə keçirmişəm, öz evimizə girməyə qoymurlar, dünəndən bəri əynimin paltarını belə dəyişməmişəm".
Dərdli bacı əzizlərinin həm boğulduğunu, həm də yandığını deyir: "Bacım demək olar ki, tam yanmışdı, qardaşımın isə bədəninin yarısı yanmışdı. Xəbəri eşidən kimi tələsik gəldim, amma gec idi artıq. Dərdim böyükdür, dünən şokda idim. Nə baş verdiyini yavaş-yavaş dərk edirəm".
Məlahət xanım bacısı və qardaşı ilə birlikdə binanın 14-cü mərtəbəsində 3 otaqlı mənzildə yaşayırmış: "Biz üçümüz də ailə qurmamışdıq. Biz bacılar ümidimizi qardaşımıza bağlamışdıq, onun ailə qurmasını istəyirdik. Sahibi evləndirməyə hazırlaşırdıq. Xeyir işimiz olacaqdı... Sahib səhər Firəngizə demişdi ki, ona ağ köynək alsın. Ağ kəfən qisməti oldu... "
Firəngiz Bağırova müəllimə idi, dünən saat 12-də dərsi vardı. Gedə bilmədi...
Mənbə:> ANSPRESS