Bakıda parkinq icazəsinin verilmə tarixi açıqlandı
Bakı Şəhər İcra Hakimiyyəti k I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsi üçün yaradılacaq Parkinqə Nəzarət Zonalarında parkinq icazəsi verilmə tarixi açıladı.
İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsi üçün yaradılacaq Parkinqə Nəzarət Zonalarında parkinq icazəsi mayın 15-dən sonra veriləcək. Bu icazənin etibarlılıq müddəti yalnız 1-30 iyun 2015-ci tarixləri müddətində olacaq.
Bakı meriyasının məlumatında bildirilir ki, parkinq icazəsi üçün faktiki yaşadığı ünvanı təsdiq edən sənəd, nəqliyyat vasitəsinin pasportu, sürücülük vəsiqəsi təqdim edilməlidir.
Belə ki, parkinq icazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir. Sakinlər heç bir ödəniş etmədən parkinq icazəsi ilə təmin olunacaq. İtirilmiş/oğurlanmış parkinq icazələri yenisi ilə əvəz olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq icazəsi zədələndiyi halda etibarsız sayılacaq.
Qeyd edək ki, parkinq icazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar yol polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq.
Parkinq icazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.
Mənbə:> Oxu.Az