Bakı polisi manyak axtarır
Bakının Xətai rayonunda qəribə hərəkətlər edərək insanları qorxudan şəxsin axtarışları davam edir. Bu barədə Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsindən ANS PRESS-ə məlumat verilib.
Verilən məlumata görə, aprelin 15-də A.Qurban küçəsində yaşayan 1989-cu il təvəllüdlü Pərvin Məmmədova bölməyə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 14-də axşam saat 22 radələrində evinə girərkən şoka düşüb.
Qadın evi dağınıq vəziyyətdə görüb. İlk öncə evə ogru girdiyini zənn edərək çıxmaq istəyərkən onu gözlənilməyən qonaq qarşılayıb. Orta boylu bir nəfər maskalı şəxs sakitcə dayanaraq ona baxırmış.
Qadın bunu görən kimi qorxub və qışqırmağa başlayıb. Maskalı şəxs isə evdən çıxaraq gedib. Qadın bildirib ki, həmin şəxs ona heç nə etməyib. Evdən də heç bir şey oğurlanmayıb. Pullara da əl dəyilməyib.
Xətai rayon Polis İdarəsində həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Mənbə:> ANSPRESS