Masazırda 100-ə yaxın ev söküləcək
Abşeron rayonu Masazır qəsəbəsində 100-ə yaxın ev söküləcək. Səbəb isə həmin ərazidə yeraltı qazların mövcudluğudur.
AzNews.info xəbər verir ki, yerli sakinlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, aprel ayının 9-da Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində bəlli olub ki, partlayışa səbəb yeraltı qazdır. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar aparıb və məlumat təsdiqlənib.
Bu səbəbdən aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb. Həmin ərazidə yaşayan insanlara bildirilib ki, ərazi yaşayış üçün təhlükəlidir.
Sakinlər deyir ki, 2 gündür qazsız qalan qəsəbədə acınacaqlı durum yaranıb. Heç bir instansiyadan vətəndaşlara təbii qazın nə zaman veriləcəyi barədə xəbər verilmir.
Mənbə:> Qafqazinfo.az