Səbuhi Xanlarov qocaya qarşı hörmətsizlik etdi - Sosial şəbəkələr narazıdır
Tez-tez sosial şəbəkələrdə insanların, xüsusilə də yaşlı insanların təhqir edildiyinə dair videolar paylaşılır. İnsanlar bu kimi görüntülərə gülür və daha da paylaşır. Bəs görəsən bir insanın şərəf və ləyaqətinin təhqir edilməsi gülüş obyekti ola bilərmi?
Ölkə qanunvericiliyinə görə bunun cəzası nədir?
Bu barədə Oxu.Az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib. Onun sözlərinə görə, insanların şərəf və ləyaqətini təhqir edən şəxslər qanun qarşısında cavab verməlidi:
“Əslində dediyiniz hal insanın şərəf və ləyaqətinin təhqir edilməsidir. Bu da Mülki Məcəllənin 23. Cinayət Məcəlləsinin 148. maddəsi ilə tənzimlənir. Bu baxımdan həmin şəxsin özü, onun nümayəndəsi (yaxınları) mülki qaydada iddia qaldıra bilər. Təbii ki, məsələnin mahiyyətindən asılı olaraq vətəndaşın təhqir edilməsi xüsusi ittiham qaydasında cinayət işinin başlanılmasına da gətirib çıxara bilər.
Hesab edirəm ki, bunu ahıl insana qarşı xüsusi qəddar davranış kimi də qiymətləndirmək olar. Bütün hallarda bu kimi məsələlər qanunla tənzimlənir. Sadəcə olaraq həmin şəxs və ya onun nümayəndələri bu məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etdikləri təqdirdə araşdırma başladılar bilər”.
Ali Məhkəmənin premium qərarına əsasən isə insanlara qarşı hörmətsizlik edən, şərəf və ləyaqətin təhqir olunmasına dair sosial şəbəkələrdə paylaşılan videolar haqqında hüquqi qərar qəbul etmək üçün həmin şəbəkələrin hüquqi ünvanı müəyyənləşdirilməlidir.
Bu isə kifayət qədər uzun zaman tələb edən prodedur olduğu üçün vətəndaşların özləri onları təhqir edən şəxslər barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə “vayner” kimi tanınan Səbuhi Xanlarov adlı birinin müəllifi olduğu video paylaşılıb. Görüntülərdə yaşlı bir insanla söhbət zamanı S Xanlarovun onu bilavasitə təhqir etdiyi, gülüş obyektinə çevirməyə çalışdığı görünür.
Video sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İnsanlar videonun şərh bölməsinə həmin şəxsin bu hərəkətə görə qanunla cəzalandırılması istiqamətində rəylər yazıblar.
Mənbə:> Oxu.Az