Bakıda dayanma-durma xaosu yaşanır
Artıq neçə aydır ki, Bakı ərazisində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinə nəzarət Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Yəni qayda pozan sürücülərə cərimələrin yazılması Agentliyin müfəttişləri tərəfindən xüsusi proqram təminatlı planşetlər vasitəsilə həyata keçirilir. Lakin müşahidələr göstərir ki, son vaxtlar şəhərin əksər küçələrində, xüsusən də mərkəzi hissələrdə sürücülərin əksəriyyəti qaydalara riayət etmir, avtomobillərini istədikləri yerdə saxlayırlar. Dayanma-durmanın qadağan olunduğu yerlərdə, məhz qadağanedici nişanın altında avtomobilləri iki, hətta üç cərgədə park edirlər.
Şəhərin mərkəzi hissəsində yerləşən ara küçələr xüsusən pik saatlarda keçilməz olur. Məsələn, Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində iki cərgə park edilən avtomobillərə görə marşrut avtobusları dönməkdə çətinlik çəkirlər. Şəhərdə son günlər artan tıxacların bir səbəbi də budur. BNA bu sahədəki vəziyyəti qaydaya salmaq üçün hansı tədbirlər görməyi planlaşdırır?
Qurumun mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı BNA-nın əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür. Parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kameralar vasitəsi ilə də həyata keçirilir. Mərhələ ilə bu tədbirlər daha mütəşəkkil və təkmilləşdirilmiş qaydada təşkil ediləcək: “İnzibati tədbirlərlə yanaşı, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən, dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də davam etdirilir. Bu çərçivədə paytaxtın müxtəlif ərazilərində, xüsusən də dayanma və durma qaydalarının pozulması hallarının daha çox rast gəlindiyi küçə və prospektlərdə maarifləndirmə xarakterli lövhələr vurulub”.
BNA-nın məlumatında həmçinin bildirilir ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir. Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi "Yol hərəkəti haqqında" Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur.
Mənbə:> Virtualaz.org