Bakıda evakuatorlar fəaliyyətini dayandırır?
Bakıda yol polisinə məxsus evakuatorların fəaliyyətinin ləğv edilməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə artıq ötən şənbə və bazar günləri dayanma-durma qaydalarını pozan avtomobillərin cərimə meydançasına aparılmadığı bildirilir.
Məlumata görə, bundan sonra avtomobillər cərimə meydançasına aparılmayacaq, əvəzində isə yol polisi əməkdaşları dayanma-durma qaydalarını pozan avtomobil sürücüləri barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edəcək.
Bu xəbərə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. Şöbə rəisi virtualaz.org-a açıqlamasında yayılan məlumatın həqiqiəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, cərimə meydançaları təmir olunduğundan müvəqqəti olaraq evakuatorlar öz işlərini dayandırsalar da, artıq onların fəaliyyəti bərpa olunur: “Evakuatorların fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yanlışdır. Qışa hazırlıqla bağlı müvəqqəti mühafizə olunan duracaqlarda da təmir işləri həyata keçirilir. Ona görə də evakuatorların işi iki günlük dayandırılıb. Hazırda isə evakuatorlar öz fəaliyyətini davam etdirir. Görünür, iki gün işləmədiyindən belə güman ediblər ki, evakuatorlar fəaliyyətini dayandırıb”.
Şöbə rəisi, həmçinin polisin dayanma-durma qaydalarını pozan avtomobil sürücülərini yarım saatdan bir inzibati cərimə etməsi ilə bağlı yayılan məlumatın da həqiqəti əks etdirmədiyini bildirdi: “Biz onsuz da cərimə meydançasına aparmaqla yanaşı, cərimə də tətbiq edirik. Əgər sürücü yanındadırsa, yerindəcə protokol yazır, kompüterlər vasitəsilə fotomaterialını hazırlayır və ya evakuatorlar vasitəsilə müvəqqəti mühafizə olunan dayanacaqlara daşıyırıq. Yenə də protokol yazılır, fotomaterial da hazırlanır. Yarım saatdan bir protokolla bağlı yayılan məlumat səhvdir”.
Mənbə:> virtualaz.org