Bakıda evakuator avtomobili sürüyə-sürüyə apardı – VİDEO
Dəyən ziyanı, evakuatorla avtomobili aparan idarənin məsul şəxsləri ödəməlidir.
Bir neçə gün əvvəl Bakıda dayanma-durma qaydasını pozan sürücünün avtomobili evakuatorla cərimə meydançasına aparılıb.
Oxu.Az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, görüntülərə baxdıqda aydın olur ki, evakuatorun işçi heyəti heç bir təhlükəsizlik qaydalarına əməl etmirlər.
Yəni avtomobili necə gəldi aparırlar. Bəs belə olduqda avtomobilə ziyan dəyərsə bunu kim ödəməlidir?
Evakuator avtomobili sürüyə-sürüyə aparır. Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində lentə alınıb.
Dayanma durma qaydasını pozan sürücünün avtomobilini Dövlət Yol Polisinin evakuatoru cərimə meydançasına aparır. Amma evakuatorun heyəti heç bir təhlükəsizlik qaydasına əməl etmir. Avtomobilin təkəri dönmüş vəziyyətdə olsa da evakuator sürücüsü onu hərəkətin intensiv olduğu yolda sürüyə-sürüyə aparır.
Baş vermiş hadisə evakuatorların avtomobil apararkən təhlükəsizlik məsələsini aktuallaşdırır. Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə avtomobilin cərimə meydançasına belə aparılması heç bir qaydaya uyğun deyil.
Bu vəziyyətdə aparılan avtomobil yolda bütün hərəkət iştirakçıları üçün də təhlükə yaradır. Başqa bir məsələ həmin vaxt avtomobilə ziyanın dəyməsidir. Ərşad Hüseynovun sözlərinə görə dəyən ziyanı, evakuatorla avtomobili aparan idarənin məsul şəxsləri ödəməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin mövqeyini öyrənmək istəsək də buna nail ola bilmədik.
Mənbə:> Oxu.az