Deputat Baxşəliyeva yenidən rus dilinə qarşı çıxış etdi
Deputat Gövhər Baxşəliyeva növbəti dəfə məktəbdə rus dilində təhsilə qarşı çıxış edib.
Virtualaz.org bildirir ki, parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edərkən millət vəkili deyib: “Hər il daha çox uşaq rus sektoruna oxumağa gedir. Şəxsən məni bu çox narahat edir. Biz səbəbini araşdırmalıyıq. Niyə müstəqil Azərbaycanda hər il rus sektorunda təhsil alan uşaqların sayı artır?".
Deputat əlavə edib ki, Azərbaycan uşaqları ibtidai təhsili Azərbaycan dilində almalıdılar, çünki uşağın milli şüuru ibtidai siniflərdə formalaşır.
Qeyd edək ki, bu, Gövhər Baxşəliyevanın rus dilində təhsilə qarşı ilk çıxışı deyil. Əvvəllər o bildirmişdi ki, birinci sinif şagirdlərini rus bölməsinə vermək olmaz, rus dili isə ingilis dili ilə yanaşı xarici dil kimi öyrədilməlidir.
Mənbə:> Virtualaz.org