XİN Abel Məhərrəmovun səfir oğlu haqda
Xarici İşlər Nazirliyi BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı “Qafqazinfo”ya deyib: “Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib, geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır”.
Səfir Anar Məhərrəmovun şəxsi biznesi barədə deyilənlərə isə XİN rəsmisi belə cavab verib: “Bununla bağlı, ilk növbədə, qeyd etmək istərdim ki, bu məsələlər Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlarında öz əksini tapıb. Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur. Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə isə bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar səfir A.Məhərrəmova ünvanlana bilər”.
L.Abdullayeva agentliyin “Ən çox müzakirə mövzusu olan məsələlərdən biri də İspaniyada keçirilən tədbir ilə bağlı Bakıdan 2 ton ağırlığında diplomatik yükün göndərilməsidir, bu həqiqətə uyğundurmu; başqa sözlə desək, XİN belə bir yükün diplomatik yük olaraq daşınmasına icazə veribmi” sualını da cavablandırıb: “Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən, qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib”.
Mənbə:> Virtualaz.org