Azərbaycanda dəhşətli yanğın: beş nəfər ölüb – YENİLƏNİB
Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.
Report-un məlumatına görə, yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyev Pənah Cəmil oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.
Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub.
Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.
Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, üç övladı və bir baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.
Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsə oyanıblar. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yaxınlıqda olan iki tövlə yanğından mühafizə edilib.
*****
Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
Report xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı beş nəfər həyatını itirib.
Ölənlər arasında dörd uşaq var: Tağıyeva Sevinc Şahin qızı (1990), Tağıyeva Aysun Asim qızı (2010), Tağıyev Sakit Asim oğlu (2012), Tağıyev Sadiq Asim oğlu (2017), Ədilxanova Günel Qoşqar qızı (2007).
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report