McDonald`s-Azərbaycanın rəhbərinin oğlunun öldüyü qəza ilə bağlı məhkəmə başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində 1 aprel 2015-ci il tarixində “Sənan Mirzəyevin avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi” faktı ilə bağlı hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, məhkəmə iclasına hakim Ramella Allahverdiyeva sədrlik edib.
Məhkəmənin hazırlıq iclasında bütün tərəflər, o cümlədən 1-ci dərəcəli təqsirli qismində bilinən İlham Əsgərli, 2-ci dərəcəli təqsirli qismində bilinən Əhliman Hüseynov, zərərçəkmiş qismində tanınan Maqsud Mirzəyev və tərəflərin nümayəndələri və vəkilləri iştirak edib.
Məhkəmə istintaq işləri ilə tanış olub, dəqiqləşdirmələr apardıqdan sonra işə baxış üçün növbəti iclası 8 aprel 2015-ci il tarixinə, saat 10-a təyin edib. Xatırladaq ki, haqqında danışılan qəza 29 sentyabr 2014-cü il tarixində Zığ – Hava Limanı şossesində baş verib.
Sənan Mirzəyevin də əyləşdiyi “Mercedes” markalı avtomobili sürücülük vəsiqəsinə malik olmayan azyaşlı İlham Əsgərli idarə edib. İlham Əsgərlinin qanunsuz idarə etdiyi avtomobil, qarşıda hərəkət edən və sağa dönməkdə olan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, İlham Əsgərli avtomobili çox yüksək sürətlə idarə edib.
Belə ki, “Mercedes” yük maşınına çırpıldıqdan sonra, zərbədən arxaya dığırlanıb. Qəza nəticəsində İlham Əsgərli və arxa oturacaqda əyləşən Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. İlham Əsgərli öz müalicəsini sonradan Türkiyədə davam etdirib.
Qabaq oturacaqda əyləşən sərnişin Sənan Mirzəyev də 3 saylı Sabunçu Klinik xəstəxanasına yerləşirilsə də, aldığı yaradan vəfat edib.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev McDonald`s-ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oglu, “Mercedes” avtomobilini idarə edən İlham Əsgərli isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.
Mənbə:> Oxu.Az