Gömrük Komitəsinin iki vəzifəli əməkdaşı qaçaqmalçılığa görə işdən çıxarıldı – VİDEO
Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı qaçaqmalçılığa görə işdən çıxarılıb. Bu barədə Komitədən məlumat verilib.
Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Muxtarov Nazim Əlimcanoviç “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib.
Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan 79 ədəd “İphone” markalı mobil telefon, 2 ədəd “Samsung” markalı mobil telefon, “İphone” markalı mobil telefona aid 3 ədəd qulaqcıq, 5 ədəd adapter, 19 ədəd boş qutu və 2 ədəd "Kingston" markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.
Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Nazim Əlimcanoviç Muxtarov şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynli ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.
Eyni zamanda müəyyən olunub ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Ariz Behbud oğlu Hüseynli əvvəllər də qulluq mövqeyindən istifadə etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin digər əməkdaşı, post rəisi Rəhman Qasım oğlu Əliyev ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatlarının, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar.
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Ariz Behbud oğlu Hüseynli və Əliyev Rəhman Qasım oğlu dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər və vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.
Mənbə:> Virtualaz.org