Dubaydan Bakıya qaçaqmalçılıq yolu ilə telefon gətirmək istədilər
Gömrükçülər üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülərək ona məxsus çantaya və üzərinə baxış keçirilib.
Yoxlamadan əvvəl sorğu-sual zamanı K.Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib.
Çantadakı şəxsi əşyaların arasından 8 ədəd “ASUS Zenfone GO” və 1 ədəd “İphone 6S” markalı mobil telefon aşkar olunub.
K.Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd “Samsung Galaxy Grand Prime” və daha 1 ədəd “ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az