Bakıda ev sahibini oğrular qarşıladı – VİDEO
Ötən gecə Abşeron rayonu ərazisində evlərdən birinin sahibi çağırılmamış qonaqlarla qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, naməlum şəxslər Əliyevlər ailəsinə məxsus Saray qəsəbəsi, Babakişilər küçəsindəki fərdi yaşayış evində heç kimin olmadığını qabaqcadan müəyyən edib. Sonradan evə soxulan oğrular bir-bir otaqları gəzərək qənimət axtarıb. Bu müddətdə qonşular da yad şəxslərin evə soxulduğunun şahidi olub və bu barədə ev sahiblərinə xəbər verib. Ailənin üzvü olan Hünər Əliyev özünü birinci çatdırıb.
Məlumata görə, evə girən şəxslər iki nəfər olub və özləri ilə müəyyən kəsici və küt alətlər də gətirib. Bu da dəmir barmaqlıqları və pəncərəni sındırmaq, eləcə də gərəkli olduğunda özlərini gözlənilməz sürprizlərdən qorumaq xarakteri daşıyırmış. Elə də olub. Hətta ev sahibinin köməyinə qonşular da toplaşıb. Lakin oğruları zərərsizləşdirmək o qədər mümkün olmayıb. Sadəcə onların hər hansı qənimətlə evi tərk etməsinin qarşısı alına bilib.
Baş vermiş hadisə ilə bağlı Abşeron RPİ-nin əməkdaşları da məlumatlandırılıb.
Əraziyə cəlb olunmuş polis və ekspertiza nümayəndələri müəyyən nümunələr və barmaq izləri götürüb. Rayon polisi hazırda oğurluğa cəhd əməlinin düyününü açmağa çalışır.
Mənbə:> ANSPRESS