Bakıdakı klinikada bahalı pişik öldü, sahibi təzminat tələb edir
Bakı şəhəri, Nərimanov rayon sakini Sevinc Şirinova xarici ölkədən alınıb gətirilmiş Britaniya cinsli bahalı pişiyinin müalicə vaxtı ölməsindən şikayətlənərək Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərinə, Azad İstehlakçılar Birliyinə müraciət edib.
Bu barədə virtualaz.org-a Birliyin sədri Eyyub Hüseynov məlumat verib. Şikayətçi pişiyin müalicəsinə xərclənən vəsaitin geri qaytarılmasını, həmçinin pişiyin ölümü ilə ailəyə dəyən mənəvi sarsıntının təzminatını tələb edir. “Siver” adlı pişik 4 il əvvəl Kiprdən alınaraq Bakıya gətirilibmiş.
E.Hüseynovun sözlərinə görə, pişik 2015-ci ildən “AARC-Baku” klinikasında müalicə və peyvənd olunub. Sonuncu dəfə bu ayın əvvəlində klinikaya müraciət edilib. Pişiyin sahibi deyir ki, heyvanı İran vətəndaşı olan baytar Seyid İbrahim Şərati müayinə edib, peyvənd edib və qurda qarşı dərman verib. Həmin dərmanlara 61 manat ödənilib. Evə gələndən sonra pişiyin halı pisləşib, təkrar klinikaya qaytarıblar. Hüseynov deyir ki, müalicə üçün pişik klinikada saxlanılıb, buna görə klinikaya 105 manat, gecə pişiyin yanında qalıb ona baxılması üçün əlavə 20 manat ödənilib. Ertəsi gün pişik ölüb. Həkim peyvənd və dərmana görə pişikdə reaksiya getdiyini etiraf edib. Şikayətçi ayrıca pişiyin cəsədinin zibil sellofanına bükülməsindən də narazı qalıb, heyvan adyala bürünərək evə gətirilib və basdırılıb.
Şikayətçi pişiyə xərclənmiş pulun geri qaytarılmasını, heyvanın ölümü ilə ailəyə vurulan mənəvi zərərə görə təzminat ödənilməsini tələb edir.
Klinikadan isə qarşı tərəfin iddialarına cavab vermək istəməyiblər.
Mənbə:> Virtualaz.org