Leyla Əliyeva itlərin güllələnməsini dayandırdı MƏMURLAR İŞDƏN GETDİ
Yəqin xatırlayırsınız, 2015-ci ilin Avropa oyunları ərəfəsində Bakıda sahibsiz itlərin öldürülməsi ilə bağlı böyük qalmaqal qopdu. İnternetdə Bakıda həmin itlərin necə yandırıldığını əks etdirən qorxunc videokadrlar yayıldı.
Videokadrlar qısa müddət ərzində bütün dünyanı “dolaşdı” və Azərbaycanın imicinə böyük zərbə dəydi. Yarışların başlanmasından təxminən yarım il əvvəl Ümumdünya Heyvanları Müdafiə Cəmiyyəti (WSPA) Azərbaycan hakimiyyətini sahibsiz itlərə qarşı qəddar rəftarı dayandırmağa çağırdı. O vaxt Azərbaycan məmurları bütün dünyadan heyvanların hüquqlarını müdafiə edənlərin hücumlarını dəf etmək məcburiyyətində qaldılar, Prezidentin köməkçisi Əli Həsənov isə ölkəmizə qarşı informasiya diversiyası haqda danışdı.
O vaxtdan sahibsiz itlərin yandırılması kimi amansız təcrübə dayandırıldı. Amma sahibsiz itlərin sürətlə artmasıyla mübarizə dördayaqlıların kütləvi güllələnməsi üsulu ilə davam edirdi.
Azərbaycanda heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar uzun müddət ictimai kampaniya apararaq hakimiyyəti sahibsiz itlərin güllələnməsi təcrübəsinə son qoymağa çağırırdılar. Və...
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, onların çağırışları eşidilib. Məsələyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarışıb və sahibsiz itlərin güllələnməsi təcrübəsinə son qoyulmasına nail olmaq üçün əlindən gələni edib.
Bundan başqa, Leyla Əliyevanın təşəbbüsü ilə İşçi qrup da yaradılıb, hansı ki, sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, bu sferada yeni qanunvericiliyin hazırlaması və bütovlükdə sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Yeni yaradılan İşçi qrupun nümayəndələri artıq Balaxanı qəsəbəsində sahibsiz itlər üçün nəzərdə tutulan saxlanma yerində olaraq mövcud durumu dəyərləndiriblər.
Hazırda İşçi qrup bu sahədə digər ölkələrin təcrübəsini araşdıraraq sahibsiz itlərlə mübarizə sahəsində yeni-humanizm və beynəlxalq prinsiplərə əsaslanan metodların tətbiqi, müasir infrastrukturun yaradılması üzərində işləyir.
Bunlarla paralel olaraq, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə işinin beynəlxalaq standartlara uyğun qurulması, müasir təcrübə və beynəlxalq tələblər əsasında aparılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.
İdarənin əsas fünksiyalarından biri sahibsiz heyvanlara qarşı mübarizə sahəsini əhatə edir. İlkin qiymətləndirməyə görə, Bakı şəhərində ümumi sayı dəqiq bilinməyən sahibsiz itlərin populyasiyası mövcuddur və onların yaşadığı ərazi əsasən şəhərin kənarı və ətraf qəsəbələrlə məhdudlaşır. Lakin gecə vaxtlarında itlərin müəyyən hissəsi qida axtarışı məqsədilə şəhərin mərkəzinə gəlir.
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsinin sahibsiz itlərlə mübarizə sahəsində indiyə qədər tətbiq etdiyi metodlar-küçə itlərinin tutularaq İdarənin sığınacağına yerləşdirilməsi əvəzinə güllələnməsi və digər qəddar üsullardan istifadə etməsi, artıq qeyd etdiyimiz kimi, tez-tez mətbuatın gündəminə gəlir, bu qəddar davranışlar sosial şəbəkələrdə müzakirələrə və insanların qınaq obyektinə çevrilir, hətta, müəyyən mərhələlərdə Azərbaycan əleyhinə siyasi kampaniya vasitəsi kimi istifadə olunur.
Bütün bunları aradan qaldırmaqdan ötrü BŞİH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyətinin yenidən təşkil olunmasına qərar verilib. İdarənin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə 7 əməkdaşı yol verdiyi nöqsanlara, sahibsiz itlərlə davranışda qanunvericiliyin tələblərini pozduğuna görə işindən azad edilib.
Bundan sonra qarşıda görüləcək kompleks tədbirlər sırasında idarənin maddi-texniki bazasının genişləndirilməsi, yeni kadrların işə cəlb olunması, sahibsiz itlərlə mübarizə sahəsindəki fəaliyyətin ölkə qanunvericiliyi və beynəlxalq tələblər, o cümlədən Azərbaycanın qoşulduğu konvensiyaların tələblərinə uyğun formalaşdırılması kimi istiqamətlər durur.
...Aydın məsələdir ki, Bakıda sahibsiz heyvanlarla bağlı problemi bir gün ərzində həll etmək mümkün deyil. Amma Leyla Əliyevanın müdaxiləsindən sonra əsas məsələ həllini tapıb – onların güllələnməsi dayandırılıb. Mümkündür ki, artıq yaxın gələcəkdə itləri sadəcə tutacaq, sterilləşdirəcək və birkalayacaqlar...
Mənbə:> Virtualaz.org