Sahibsiz itləri öldürməyəcəklər
Bakı şəhər İcra Hakimiyyəti sahibsiz itlərə qarşı mübarizədə odlu silah əvəzinə pnevmatik silahlardan istifadə edəcək.
Bu barədə Oxu.Az-a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bakı şəhəri İH-nin mənzil-kommunal təsərrüfat departamentinin tender komissiyası xüsusi avtomobil, laboratoriya üçün texnika, dərman preparatları, cələ, torlar, heyvanlar üçün yem, həmçinin silah alınması üçün müsabiqə elan edib.
Bununla yanaşı, tikinti işlərinin aparılması planlaşdırılıb.
Bu üsulla Sahibsiz İtlərlə Mübarizə İdarəsinin əməkdaşları ilk dəfə olaraq pnevmatik silah və trankvilizatorla silahlanacaqlar.
“Hal-hazırda paytaxtda sahibsiz itlərlə 12 əməkdaş dörd avtomobildə mübarizə aparırlar.
Tender çərçivəsində daha altı xüsusi işıqlandırılmış maşın və altı ədəd pnevmatik silah əldə olunması planlaşdırılır.
Bu yolla idarənin işçilərinin sayı 20-yə çatdırılacaq”, - iarənin rəhbəri Mübariz Qurbanov yerli KİV-ə bildirib.
Trankvilizatorlu patronlar itləri 15-20 dəqiqəlik yatırtmağa imkan verəcək. Sonra onları sığınacağa aparacaqlar.
Qurbanov vurğulayıb ki, bundan sonra Bakıda sahibsiz it öldürülməyəcək.
Qeyd edək ki, əvvəllər Binəqədi rayonunda itləri qaz kamerasına yerləşdirən krematoriya fəaliyyət göstərirdi.
Mənbə:> Oxu.Az