Azərbaycandan Rusiyaya keçən çox təhlükəli “qansoran” və ölkədəki vəziyyət
Aprelin 19-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Tatarıstanın Ufa Beynəlxalq Aeroportunda Azərbaycandan gələn sərnişinlərin əl baqajındakı göyərtidə xüsusi təhlükəli karantin obyekti olan mərmər bağacığı (Halyomorpha halys Stal) aşkarlayıb. Virtualaz.org Rusiya KİV-inə istinadən xəbər verir ki, bu təhlükəli zərərvericinin aşkarlandığı məhsullar məhv edilib, günahkar şəxs inzibati məsuliyyətə cəlb olunub.
Həddindən artıq təhlükəli olan bu həşəratın meyvə və tərəvəz bitkilərinin qabığını zədələyərək çürütdüyü, göbələk xəstəlikləri əmələ gətirdiyi bildirilir. Belə ki, mərmər bağacığı qansoranlar sinfinə aiddir, insan və heyvanların qanını, bitkilərin isə şirəsini sormaqla qidalanır. Meyvələrə, o cümlədən, alma və armuda düşərsə, qabığını nahamarlaşdırır, dadını dəyişir. Bibər və pomidorun çürümüş hissələrində yaxşı inkişaf edir. İnsanlar üçün təhlükə yaratmasa da, yayıldığı ərazidə kənd təsərrüfatı üçün çox zərərli hesab olunur və məhsuldarlığı iki-üç dəfə azalda bilər. Federal Xidmətin məlumatına görə, bitlə yalnız kimyəvi üsulla mübarizə aparmaq mümkündür.
Dövlət Fitosanitar Xidməti ötən il xəbərdarlıq etmişdi ki...
Son illər Azərbaycandan xaricə ixrac olunan kənd təsərrüfatı məhsullarında təhlükəli zərərvericilərin olması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Daha əvvəl Rusiyaya ixrac olunan xurma və almada zəhərli hörümçək və şərq meyvəyeyəni (Grapholithamolesta Busck) aşkarlanmışdı.
Mərmər bağacığı isə doğrudan da təhlükəli zərərvercidir. Hansı ki, ötən ilin mayında Azərbaycanın Dövlət Fitosanitar Nəzarəti bu zərərverici haqqında xəbərdarlıq yayıb.
Xəbərdarlıqda bildirilir ki, mərmər bağacığı müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurur. Bu zərərverici MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərverici Gürcüstanın ərazisində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurub.
2016-cı ildə həmin zərərvericinin Rusiyanın Qara dəniz sahillərində meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.
Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.
Fitosanitar Nəzarəti Xidməti adıçəkilən zərərvericinin Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu bildirib, bənzər zərərverici müşahidə edildikdə xidmətin yerli qurumlarına müraciət etmək tövsiyə olunub. İndi isə məlum olur ki, bu zərərverici nəinki Azərbaycan ərazisində yayılıb, üstəlik sərnişinin əl yükündə Rusiyaya da keçməyə imkan tapıb.
Bu fakt son illər Azərbaycanda faydalı bitkilər və meyvə ağacları arasında zərərvericilərin artması, indiyədək təsadüf edilməyən zərərvericilərin və xəstəliklərin yayılması probleminə diqqəti cəlb edir. Azərbaycanda bağları, bitkiləri bu cür xəstəliklərdən və zərərvericilərdən necə qoryurlar?
Xaricdən “idxal edilən” xəstəliklər və zərərvericilər-alim nə deyir...
Son illər Azərbaycanda meyvə ağacları və dekorativ bitkilər arasında xəstəliklərin, zərərvericilərin çoxlamlasını AMEA-nın Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov da təsdiqləyir. Onun virtualaz.org-a bildirdiyinə görə, bu daha çox ölkəyə xaricdən kütləvi şəkildə meyvə ağaclarının tinglərinin və bəzək kollarının gətirilməsi ilə əlaqədardır.
“Son illərdə xaricdən gətirilən bir çox bitkilər öyrənilmədən, karantin sertifikatı almadan Azərbaycana buraxılır. Bu da mikroorqanizmlərin, virusların fəaliyyəti ilə ortaya çıxan yeni xəstəliklərin artmasına səbəb olur. Məsələn, son vaxtlar ölkəyə gətirilən qoz tinglərini götürək. Ola bilər ki, bu tinglərin köklərində və ya gövdəsində hansısa xəstəliklər gəlsin, zərərvericilərin yumurtaları olsun”-alim deyir.
Bu sahə nəzarətsiz qalıb
Yufis Zeynalovun sözlərinə görə, hazırda Azərbaycanda bu sahəyə çox zəif nəzarət olunur. Nəticədə xaricdən ölkəyə gətirilən meyvə tingləri, bəzək bitkiləri xüsusi karantindən keçmədən buraxılır, bu da faydalı bitkilər arasında yeni xəstəliklərin yayılmasına səbəb olur.
“Dövlət tərəfindən bu sahəyə nəzarət olunmalıdır ki, xaricdən gətirilən bütün bitkilər yoxlanılsın, dezinfeksiya olunsun, sonra ölkəyə buraxılsın. Doğrudur, Zoologiya İnstitutunda və digər qurumlarda bu işlər aparılır, ancaq yetərsizdir. Əvvəlcə sərhəddən keçən hər bir material yoxlanmalıdır və nəzarət oradan başlanmalıdır”, - deyə Y. Zeynalov bildirir.
Mütəxəssis deyir ki, hazırda bitkilər arasında ən çox yayılan xəstəliklər göbələk xəstəlikləri, virus mənşəli xəstəliklər, xəstəlik əmələ gətirən şibyə və mamırlardır. Əvvəllər rast gəlinməyən bu xəstəliklər bağ və təsərrüfatlarda məhsul itkisi və bitkilərin məhv olması ilə nəticələnir.
Bəzi meyvə ağacları, o cümlədən, gilas, albalı, yapon əzgili, zeytun və nar xəstəliklərə daha davamlıdır. Amma bununla belə yeni əkilən və nisbətən zəif ağaclar xəstəlik və viruslara yoluxa bilirlər. Zərərvericilər, böcəklər bitkinin qidasını sorur. Xəstəliklər isə bitkinin toxumalarının içərisinə keçərək qurudur və sıradan çıxarır.
Azərbaycanda neçə bitki xəstəliyinin yayıdığı da məlum deyilmiş
Y.Zeynalovun sözlərinə görə, indi bitkilər arasında nə qədər yeni növ xəstəliyin yayılması ilə bağlı da araşdırılma aparılmadığından nə qədər xəstəliyin olduğu məlum deyil. Bir çox xəstəliklər elə əvvəldən də var idi, indi də var. Bəziləri isə yeni yayılıb.
Məsələn, alimin sözlərinə görə “Amerikan kəpənəyi” deyilən zərərverici indi geniş yayılıb. Bu zərərvericilər bitkidən bitkiyə uçaraq rahatlıqla keçə bilir və Azərbaycanda son illər yayılmağa başlayıb.
Mütəxəssis əlavə edir: “Virus xəstəlikləri də geniş yayılıb. Hansı ki, viruslarla mübarizə aparmaq çox çətindir, faktiki mümkün deyil. Çünki viruslar bitkinin toxumalarının içərisində olur. Xəstəlik ona düşəndə bitkinin həmin budaqları kəsilərək yandırılmalıdır ki, digər bitkilərə yayılmasın. Bəzən onlara dərman da təsir edə bilmir. Bizdə şibyələr əvvəllər də olub, indi isə onun yeni növləri yayılıb. Onların kökləri olmasa da, çıxıntıları bitkinin qabığından içəri keçərək ona zərər verir. Həm də sporları külək vasitəsilə ətrafa yayılır”.
Y.Zeynalov xəstəliklərlə və zərərvericilərlə mübarizə aparmaq üçün ildə 1 dəfədən 5 dəfəyə qədər dərmanlama işləri aparmağı tövsiyə edir. Dərmanlama prosesi bitkilər çiçək açana qədər aparılmalıdır. Çiçəkləyəndən sonra xırda meyvələr əmələ gələndə də uyğun dərmanlar vurula bilər. Məsələn, son illər Bakıda yetişdirilən bütün innab bitkilərinin qurdlaması əhali arasında narahatlıq doğurur. Mütəxəssis deyir ki, bu da bitkinin vaxtında və düzgün dərmanlanmaması ilə əlaqədardır.
Həmsöhbətimiz deyir ki, Azərbaycanda zərərvericilərin və xəstəliklərin artmasının qarşısını almaq üçün kimyəvi mübarizə vasitələrinin ölkəyə gətirilməsi və satışı da tənzimlənməlidir. Çünki bir çox hallarda saxta kimyəvi vasitələr bazara daxil olur, yaxud ciddi fəsadlara yol aça bilən vasitələr tətbiq edilir.
Atmosferin çirklənməsi, anomal hava şəraiti, daha nələr
Bakının Zabrat şossesində fəaliyyət göstərən, bitki və heyvan xəstəliklərinə qarşı dərman vasitələrinin, bağ alətlərinin, gübrələrin satışı ilə məşğul olan EMA MMC şirkətinin baş aqronomu Faiq Quliyev isə virtualaz.org-a açıqlamasında bildirir ki, bitkilərdə xəstəliklərin artması ekoloji problemlər, atmosferin çirklənməsi, hidrotexniki balansın pozulması ilə əlaqədardır.
Mütəxəssis deyir ki, hazırda bitkilərdə ən çox rast gəlinən kokomikoz, manilioz, dəmgil və bəzi bakterial xəstəliklərdir. Bu xəstəliklərin əksəriyyəti iqlim anomaliyaları ilə əlaqədar ortaya çıxır.
“Əslində indi-aprel ayında havanın orta temperaturu 15-16 dərəcə olmalıdır. Amma orta temperatur normadan aşağıdır, üstəlik temperaturun kəskin artıb-azalması halları baş verir. Bu kəskin dəyişiklik bitklilərə çox mənfi təsir edir, onlarda stress yaradır. Və stress nəticəsində bitki xəstələnir”-həmsöhbətimiz deyir.
Qış və yay müalicəsi, saxta dərmanlar
Aqronom deyir ki, bitkinin sağlam böyüməsi üçün ona qış və yaz müalicəsi lazımdır. Qış müalicəsi ağac ağac yarpaqlarını tökəndən sonra mineral yağlarla edilən qulluqdur. Yaz müalicəsinə isə ilkin yazda ziyanvericilər oyananda başlanılır. Bitkinin yarpağı açılmamış ona mineral yağlar verilir. Bu bitkinin iç qurdlarını təmizləyə, gələcəkdə meyvələrinin çürüməsinin qarşısını ala bilər.
F.Quliyevin dediyinə görə, “EMA” MMC şirkəti Almaniya, Türkiyə, Bolqarıstan, Meksika kimi ölkələrdən keyfiyyətli dərmanların idxalı ilə məşğul olsa da, yerli bazarda bitki dərmanların daha ucuz, amma keyfiyyətsiz və ya saxta variantları geniş yayılıb. Belə dərman vasitələri əsasən Hindistandan, Çindən gətirilir və alıcı qiymətini ucuz görüb onlara meyl edir.
Mütəxəssisin dediklərindən: “Bizdə bağçılığa son illər maraq artıb, amma Bakıda bəzi imkanlı adamlar başqalarından fərqlənmək üçün öz bağlarını böyük vəsaitlər xərcləyərək Azərbaycan iqliminə uyğun olmayan, müxtəlif xarici ölkələrdən gətirilmiş ağac və kollarla zənginləşdirməyə çalışır. Amma belə bitkilər iqlimə dözmür, xəstələnir və məhv olur. Üstəlik onlar özləri ilə yeni xəstəliklər də gətirib yaya bilərlər. Axı palma ağacı hara, Azərbaycan hara?”
Həmsöhbətimiz deyir ki, bağ salanlar xaricdən palma və ya digər ekzotik bitkilər, ağaclar alıb gətirməkdənsə bağlarında, həyətlərində Bakı və Abşeron yarımdasının iqliminə dözümlü olan əncir, zeytun, badam kimi ağaclar əksələr daha faydalı olar.
Azərbaycanda son illər yayılan bitki xəstəlikləri və zərərvericilərlə bağlı hansı mübarizə tədbirlərinin aparıldığı haqda Dövlət Fitosanitar Xidmətindən şərh almaq cəhdlərimiz baş tutmadı.
Mənbə:> Virtualaz.org