İranda qəzaya uğrayan Türkiyə təyyarəsi göydə alışıbmış...
Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış "Bombardier Challenger 600" təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.
Virtualaz.org İran KİV-inə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.
Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, uçurumun kənarında aşkar olunub.
"Hadisə yerində yanğın hələ də davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var", - deyə məlumatda vurğulanıb.
Bu arada İran FHN-in nümayəndəsi Moctabu Xalidi bildirib ki, Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub: “Yerli sakinlər təyyarənin düşməsinin şahidi olublar. Alovlanan təyyarənin yerə çırpılmasını bir neçə şəxs müşahidə edib. İranın Mülki Aviasiya Təşkilatı insidentlə bağlı araşdırma aparır”.
Mənbə:> Virtualaz.org