İranda təyyarə dağa çırpıldı, komandir Höccət Fulad bu dəfə heç nə edə bilmədi – YENİLƏNİB
İranda Tehran aerportundan havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra İsfahan əyalətindəki Dena dağına çırpılan sərnişin təyyarəsi bir ay əvvəl nasazlıq səbəbindən qəza enişi edibmiş. Virtualaz.org xəbər verir ki, yanvarın 25-də həmin ATR-72-500 təyyarəsi Tehranın “Mehrabad” aerportundan daxili reys həyata keçirmək üçün havaya qalxıb, lakin texniki nasazlıq səbəbindən aeroporta geri qayıdıb. Nasazlıq aradan qaldırılandan sonra təyyarə reysə davam edib.
“İran Aseman Airlines” şirkətinin sərəncamında 6 ATR-72 təyyarəsi var, onlar köhnə transponderlərlə təchiz olunublar və uzun müddətdir istismar olunurlar. Qəzaya uğrana təyyarə 20 il əvvəl zavoddan çıxıb. Təyyarələrin transponderləri siqnalları 4-6 saniyə gecikmə ilə ötürür.
Qəzanın səbəbləri hələlik müəyyən deyil, lakin ehtimal edilir ki, təyyarə pis hava şəraitinə görə dağa dəyib. Hadisə yerinə axtarış-xilasetmə briqadası göndərilib, lakin briqadanı aparan vertolyot pis hava şəraitindən eniş edə bilməyib. Təyyarənin qalıqlarının yeri hələ müəyyən deyil.
“Fars” agentliyi bildirir ki, qəzaya uğrayan təyyarənin komandiri Höccət Fulad peşəkar pilot olub. O, 2013-cü ildə Tehran-Yəsuc reysi ilə uçarkən havada təyyarənin mühərrikləri sıradan çıxıb. Komandir bu vəziyyətdə təyyarəni yerə endirə bilib və sərnişinlərin, heyət üzvlərinin həyatını xilas edib. Bu dəfə isə görünür komandirin heç bir şansı olmayıb.
İranın mülki aviasiya parkı uzun müddət qüvvədə olmuş sanksiyalar səbəbindən köhnəlib, bu səbəbdən İranda təyyarə qəzaları tez-tez baş verir. Sanksiyaların götürülməsindən sonra İran dünyanın aparıcı təyyarə istehsalçıları ilə danışıqlara başlayaraq bütün aviaparkın yenilənməsinə çalışır.
***12:50
İrada qəzaya uğrayan sərnişin təyyarəsi “İran Aseman” hava yolları şirkətinə məxsus olub. “Assosiated press” şirkətin yaydığı məlumata istinadən bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki 60 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.
Bundan qabaq şahidlərə istinadən pilotun qəza enişinə cəhd etdiyi, qəzadan sağ çıxanlar ola biləcəyi deyilirdi.
Aviaşirkət bildirir ki, ATR 72-500 tipli təyyarə Tehran-Yəsuc reysini həyata keçirərkən İsfahan vilayətində radarlardan itib. Təyyarə Dena dağına dəyərək partlayıb. Qəza rayonuna axtarış-xilasetmə briqadaları göndərilib.
***12:08
Tehran-Yəsuc reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsinin İsfahan əyalətinin Semirem rayonunda, fermalar yerləşən ərazidə qəza enişinə cəhd etdiyi, bu zaman qəzaya uğradığı bildirilir.
Press TV xəbər verir ki, təyyarənin göyərtəsində 60-dan 100-ə qədər adam olub. Bir neçə nəfərin qəzadan sağ çıxa bildiyi qeyd olunur. Şahidlər təyyarənin çöllüyə düşdüyünü bildirirlər.
* * *11:51
Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb.
Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.
Mənbə:> Virtualaz.org