Təyyarə qəzasında sağ qalan yoxdur – YENİLƏNİB
Misirdən Sankt-Peterburqa uçan "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nətisəində bütün ekipaj üzvləri və sərnişinlər həlak olub.
Bu barədə Rusiyanın Misirdəki səfirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.
Baş verən hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin 1 noyabrın tarixini matəm günü elan edib.
* * *14:30
Misirin Sina yarımadasının şimalında qəzaya uğrayan Rusiya təyyarəsinin sərnişinləri arasında sağ qalanların olduğu istisna deyil.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Reuters” agentliyi Misirin təyyarənin qəzaya uğradığı yerdə işləyən axtarış-xilasetmə briqadasının iştirakçılarına istinadən xəbər verib.
Mənbə bildirib ki, təyyarənin qalıqları altından insan səsi eşidilir: “Təyyarənin daha bir bölməsi qismən salamatdır və içərisində sərnişinlər var. Hazırda xilasedicilər həmin hissəyə çatmağa çalışır. Biz sağ qalanların tapılacağına ümid edirik, xüsusən də təyyarənin qalıqları arasında qalanların səsi eşidiləndən sonra”.
“Koqalımavia” şirkətinə məxsus “Airbus A-321” təyyarəsi qəzaya uğrayarəkən 9 min metr yüksəklikdə olub. Təyyarənin mühərrikdə yaranmış texniki nasazlığa görə qəzaya uğradığı təxmin edilir.
Rusiya prezidenti Vladimir Putin qəza ilə bağlı komissiya yaradıb.
* * *13:44
Bu dəqiqələrdə qəzaya uğrayan təyyarənin sərnişinlərinin siyahısı açıqlanıb.
Siyahıdan bəlli olur ki, sərnişinlərin arasında azərbaycanlılar yoxdur.
* * *12:56
Ən son məlumatlara görə, Misirin Sina yarımadasının şimal hissəsində qəzaya uğrayan Rusiya sərnişin təyyarəsinin göyərtəsində 17 uşaq olub. Sərnişinlərin hamısı Rusiya vətəndaşıdır.
Şarm-əş-Şeyx aeroportundakı mənbə bildirib ki, təyyarənin ekipajı son bir həftə ərzində bir neçə dəfə mühərrikin nasazlığından şikayətlənib.
Təyyarə qəzaya uğrayarkən 9 min metr yüksəklikdə olub və yerə düşərək tamamilə dağılıb.
* * *12:23
Misirin Şarm-əş-Şeyx aeroportundakı mənbə bildirib ki, Rusiyaya məxsus sərnişin təyyarəsi aeroportdan havaya qalxandan az sonra pilot dispetçerə texniki nasazlıq haqda məlumat verib.
Mənbənin bildirdiyinə görə, komandir texniki nasazlıq ucbatından marşrutu dəyişməyi və Qahirə aeroportuna enməyə icazə verilməsini istəyib.
* * *11:45
Bu gün Kiprin Larnaki rayonu ərazisində Rusiyaya məxsus olan sərnişin laynerinin qəzaya uğradığı barədə məlumatlar yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, "Sky News Arabia" telekanalı əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi radarlardan yoxa çıxıb.
Təyyarənin havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itdiyi bildirilir. Təyyarənin “Koqalımavia” şirkətinə məxsus olduğu, Misirin Şarm-əş-Şeyx kurort şəhərindən Sankt-Peterburq şəhərinə uçduğu məlum olub.
“9268 reysi ilə uçan, “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskva vaxtı ilə saat 06:21-də havaya qalxıb, 23 dəqiqə sonra radardan itib. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti rusiyalı turistlərdir”-“RİA Novosti” agentliyinə məlumat verən mənbə bildirib.
Misirin hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, təyyarə bu ölkənin hava sərhədlərini tərk etdikdən sonra radarlardan itib. Təyyarənin qəzaya uğradığı təxmin edilir.
***
Son məlumata görə, təyyarənin Misir ərazisində qəzaya uğradığı açıqlanıb. Bu barədə Misir internet portallarından biri məlumat yayıb.
Bildirilir ki, Misirin təhlükəsizlik qüvvələri təyyarənin qəzaya uğradığı ərazisini əhatəyə alıb, əl-Ariş şəhərindən Sina yarımadasının şimalına 10-dan çox təcili yardım avtomobili göndərilib. Misirin hərbi aviasiyası da qəza rayonunda uçuşlar edir.
***
Digər məlumata görə, Misirin baş naziri Şerif İsmayıl Sina yarımadasında Rusiya mülki təyyarəsinin qəzaya uğramasına görə bu günə planlaşdırılan bütün səfərlərini təxirə salıb. Məlumatı Misirin MENA agentliyi yayıb.
Baş nazir qəza ilə bağlı situasiyanı şəxsi nəzarətinə götürüb, xilasetmə xidmətlərinin rəhbərləri ilə müntəzəm təmasdadır. Rusiya mənbələri isə təyyarənin Misir ərazisində qəzaya uğradığını hələ təsdiq etmirlər.
Sina yarımadasında radikal islamçı yaraqlılar fəaldır və bu bölgədə Misirin təhlükəsizlik qüvvələri ilə tez-tez toqquşmalar baş verir.
***
Misirin baş naziri "Frans Press" agentliyinə təsdiq edib ki, təyyarə Sina yarımadası üzərində qəzaya uğrayıb, axtarış-xilasetmə əməliyyatlarında Misir ordusu da iştirak edir.
"Rosaviasiya"nın nümayəndəsi Sergey İzvolski təyyarə ilə əlaqənin kəsildiyini, qəzanın Sina yarımadası üzərində baş verdiyini deyib.
Mənbə:> Virtualaz.org