Güclü yanğında azərbaycanlı da yanıb – FOTO
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda yerləşən “Admiral” ticarət mərkəzində baş verən güclü yanğında ölənlərin sayı artıb.
ANS PRESS-in məlumatına görə, “Admiral” ticarət mərkəzində çalışan xilasedicilər doqquzuncu cəsədi də çıxarıblar. Bu barədə Tatarıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Andrey Rodıqin xəbər verib.
Bundan başqa, ölənlər arasında 1995-ci il təvəlüdlü Azərbaycan vətəndaşının da olduğu bildirilir. Onun kimliyi barədə hələlik məlumat verilmir.
“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verən yanğın nəticəsində ölən və zərərçəkənlər arasında Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Vyetnam vətəndaşlarının olduğu qeyd edilir.
Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda “Admiral” Ticarət Mərkəzinin direktoru, ticarət kompleksinin icarəçisi Hüseyn Qəhrəmanovun saxlanıldığı bildirilib.
Xatırladaq ki, “Admiral” TM-də yanğın mart ayının 11-də başlayıb. Çərşənbə günü günortaya qədər yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar. Ticarət mərkəzindən 650 nəfər təxliyə edildikdən sonra binanın uçduğu qeyd edilir. Yanğının səbəbləri ilə bağlı dəqiq məlumat verilməsə də hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Mənbə:> ANSPRESS