Biləsuvarda 4 ay əvvəl baş verən oğurluğun üstü açıldı
Biləsuvar polisi ötən ilin oktyabr ayında baş vermiş oğurluqda şübhəli bilinənləri saxlayıb.
Virtualaz.org saytının Şirvan bürosu xatırladır ki, ötən il oktyabr ayının 14-dən 15-ə keçən gecə naməlum şəxslər rayonun Xırmandalı kənd sakini Mirzəli Nuriyevə məxsus təsərrüfat damının qıfılını kəsərək tövləyə daxil olmuş, hər birinin çəkisi 350-400 kiloqram olan 10 baş cins maldan 4 başını oğurlayaraq “Qazel” markalı yük maşınında aparmışdılar.
Təsərrüfat sahibi deyir ki, o, oğurlanan heyvanları həmin gün bazara satmağa çıxaracaqmış və oğurluq nəticəsində ona 8-10 min manat civarında ziyan dəyib.
Fermerin saytımıza verdiyi məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olunanlardan Cavad Gülhüseyn oğlu Süleymanov adlı şəxs Bakıda qəssablıqla məşğul olurmuş.
Mirzəli Nuriyev onu da bildirib ki, cinayət işinin üstü başına gələnlərlə bağlı cari il fevral ayının 16-da İmişli rayonunda vətəndaşları qəbul edən baş prokuror Zakir Qaralova müraciət etdikdən bir gün sonra açılıb.
Faktla bağlı Biləsuvar Rayon Pois Şöbəsində cinayət işi qaldırılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə:> Virtualaz.org