Bacısını öldürən şəxs danışdı: "Məqsədim başqa idi"
52 yaşlı şəxs bacısını güllələyib. Açılan hər iki atəş zərərçəkənə dəyib. Dərhal xəstəxanaya çatdırılan qadının vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən isə silahı həyətində basdırıb.
ANS TV-nin məlumatına görə, 1963-cü il təvəllüdlü Abduləliyev Nadir İmranəli uzun illərdir ki, həyətində gizlətdiyi odlu silahı bacısının üzərində sınaqdan keçirib. Hadisə isə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Hadisə zamanı 1965-ci il təvəllüdlü Lətifova Aybəniz İmranəli qızı qardaşı Nadir Abduləliyev tərəfindən güllələnib. Hadisə isə Xırdalan şəhərində yerləşən banklardan birinin qarşısında baş verib. Belə ki, hadisədən əvvəl Aybəniz Lətifova qardaşı Nadir Abduləliyevi banka çağıraraq ona kredit götürdüyünü və zamin durmasını xahiş edib. Çağırılan yerə sərxoş vəziyyətdə gələn Nadir Abduləliyev üzərində gəzdirdiyi lüləsi kəsik ov tüfəngilə bacısına iki dəfə atəş açıb.
Saxlanılan şəxs Nadir Abduləliyev etiraf edib ki, bacısı onu kredit götürərkən zamin durmaq üçün çağırıb: “Mən onu yox, o, məni çağırdı ki, bankdan kredit götürmək üçün zamin durum. Onun dediyi yerə gəldim. Ora kredit götürmək məqsədi ilə gəlməmişdim, Sadəcə onu qorxutmaq istəyirdim ki, bacımı bu yoldan çəkindirim ki, kredit götürməsin”.
Açılan güllərdən ikisi də zərərçəkənə dəyib. Yaralı qadın ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Hadisədən sonra Nadir Abduləliyev polislər tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib. O, ifadəsi zamanı etdiyi cinayəti etiraf edib:
"Könüllü şəkildə polisə təslim olmaq istəyirdim ki, yolda iki polis işçisi məni tutub idarəyə gətirdi".
Faktla bağlı saxlanılan şəxs barəsində Abşeron Rayon Prolkurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. İstintaq davam edir.
Qeyd edək ki, Nadir Abduləliyev və zərərçəkən Aybəniz Lətifova doğma bacı-qardaş olmaqla bərabər onlar həm də qudadılar.
Mənbə:> ANSPRESS