Bakıda 25-30 yaşlı ağaclar kəsildi: işə polis qarışacaq
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 6 dekorativ ağac kökündən kəsilib.
Trend-in məlumatına görə, ağac kəsimləri Mərdəkan qəsəbəsinin Yevgeni Onegin küçəsi 10 ünvanında yeni tikilən obyektin qarşısında qeydə alınıb. 25-30 yaşlı sərv ağacları Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan ərazidə olub.
Təsərrüfat Birliyi qeyd edilən ünvanda ağacların qanunsuz olaraq kökündən kəsilməsi faktını təsdiqləyib.
İdarədən sayta bildirilib ki, ağacların kəsilməsi ilə əlaqədar sabah hüquq-mühafizə orqanlarına, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəklər.
İdarədən o da qeyd edilib ki, diametri 23-24 sm-dən böyük ağacları kəsənlər cinayət məsuliyyətinə cəlb edilir.
O da bildirilib ki, sabah həmin ərazidə yeni ağaclar əkiləcək.
Mənbə:> Virtualaz.org