Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağacları kim məhv etdi? – VİDEO+FOTO
Nəsimi rayonu 5-ci mkr 20 Yanvar küçəsi bina 32 ünvanında yaşayan sakinlər “Qafqazinfo”ya müraciət edib.
Həmin bina sakini Mahmud Məmmədov bildirib ki, binanın qarşısında yaşıllıq zolağı üçün ayrılmış hissəni aldığını iddia edən şəxslər orada ağac əkilməsinə imkan vermir: “Binamızın qarşısında yaşıllıq zolağı üçün ayrılmış kiçik bir sahə var. Bina ilə maşın yolu arasındakı məsafə 35-40 metrdir və qanunvericiliyə görə sözügedən hissədə tikinti işləri aparıla bilməz.
Ancaq 2014-cü ilin aprel ayında həmin ərazidəki zeytun ağaclarının bir hissəsini, təxminən 12-15 ağacı kökündən çıxartdılar. Hadisə ilə əlaqədar olaraq bir neçə orqana məktub göndərdik və bir müddət sonra Leyla Əliyevanın təşəbbüsü ilə sözügedən ərazidə yenidən ağac tingləri əkilib. Ancaq üzərindən çox vaxt keçməmiş gecə ilə həmin tinglər də yerindən çıxarılıb və çalalar doldurulub.
Bu barədə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə (ETSN) məktub göndərdik. Nazirlikdən cavab olaraq bildirildi ki, ərziyə baxılan zaman həqiqətən də 47 ədəd yeni əkilmiş sərv cinsli tinglərin çıxarıldığını müəyyən olunub və təqsirkar şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün Nəsimi rayon Polis Şöbəsinə məktubla müraciət edilib”.
Mahmud Məmmədovun sözlərinə görə, bu hadisənin üstündən 1 ildən çox vaxt keçsə də, elə bu gün də Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qazılan çalalar ərazidə maraqlı olan şəxslər tərəfindən doldurulur: “Biz bir şeyi başa düşə bilmirik, əlimizdə bu qədər foto və video fakt var. Hər bir orqana da müraciət etmişik. Axı niyə bu özbaşınalıqların qarşısı alınmır? Həmin bu hadisə yaxınlıqdakı 22 saylı binanın həyətyanı sahəsində də baş vermişdi. Onlar aidiyyatı distansiyalara müraciət etdikdən sonra məsələ öz həllini tapdı. Ancaq biz 2014-cü ilin yaz aylarından bu günə kimi haqlı olduğumuz halda istəyimizə nail ola bilmirik. Artıq son çarəni mediaya müraciət etməkdə gördük. Xahiş edirik bu hala bir son qoyulsun”.
Məsələyə aydınlıq gətirmək üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyi (YTB) ilə əlaqə saxladıq. Mühəndis Yunis Məmmədov bildirdi ki, sakinlərin müraciəti nəzərə alınaraq ərazidə qazılan çalalar bir neçə dəfə onların xəbəri olmadan doldurulub: “Problemlə əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etmişik və qısa müddətdə məsələnin həll olunacağına inanırıq”.
Son olaraq qeyd edək ki, sakinlərin ötən gün çəkdikləri videolarda da çalaların doldurulduğu aydın şəkildə görünür.
Xatırladaq ki, ötən il "Qafqazinfo"ya sözügedən küçədə yaşayan 22 nömrəli binanın sakinləri müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, 16 növdə nadir ağaclar - Eldar şamı, akasiya, sərv və sairənin budama adı altında kəsilir. Həmin xəbərə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva operativ reaksiya bildirmişdi və hadisəni törədənlər cəzalandırılmışdı.
Mənbə:> Qafqazinfo.az