ŞAİR ZƏLİMXANIN AŞIQ QARDAŞI » AzNews.info -Xəbər portalı

ŞAİR ZƏLİMXANIN AŞIQ QARDAŞI

ŞAİR ZƏLİMXANIN AŞIQ QARDAŞI


Musa
NƏBİOĞLU
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi

Hər dəfə onun haqqında söhbət düşəndə ağlıma ilk gələn özünün şeirindən bu misralar olur:

Özüm çopur olsam belə,
Suyu şirin aşığam mən.

Və mən onu sözün həqiqi mənasında hər sözü-söhbəti şirin olan bir ustad aşıq, dəyərli məsləhətlərinə hər zaman ehtiyac duyulan, ağzı xeyir-dualı el ağsaqqalı kimi xatırlayıram. Elə şövqlə və elə şirin danışardı ki, adam sözünü kəsməyə cürət etməzdi, istəyərdin ki, saatlarla, beləcə, o danışa, sən də qulaq asasan. Elə ilk kəlməsindən adam onun sözünün sehrinə düşürdü. O qədər səmimi, şirin danışardı ki... Səhnədə isə bir özgə aləm idi. O, səhnədə görünən kimi tamaşaçıların əhval-ruhiyyəsi dəyişər, ovqatı təzələnərdi. Bənzərsiz ifası, özünəməxsus duzlu-məzəli söhbəti ilə bir andaca könüllərə hakim kəsilirdi.
Onunla hər görüşümüz şirin bir xatirə kimi qalıb yaddaşımda. Yaxşı xatırlayıram, bir dəfə oğlu Eldar müəllimlə gəlmişdi. Onda səksən yaşı vardı. Xeyli söhbət etdik. Arada indiyədək ona fəxri ad verilməməsindən haqlı gileyini də dilə gətirdi. Dedim, Ələsgər əmi, haqlısınız, siz fəxri ada çoxdan layiqsiniz. Amma sizin ən böyük fəxri adınız, ən böyük mükafatınız qazandığınız el məhəbbəti, tamaşaçı və dinləyici rəğbətidir. Heç unutmaram, sağollaşıb gedəndə dedi, bala, səninlə bu səmimi söhbətdən sonra elə bilirəm ki, fəxri adı da, ən böyük mükafatı da alıb gedirəm...
...Söhbət hamımızın Çopur Ələsgər kimi tanıdığımız aşıq Ələsgər Tağıyevdən gedir. Məlumat üçün deyim ki, Ələsgər Mikayıl oğlu Tağıyev 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub, ömrünün 60 ildən çoxunu aşıq sənətinə həsr edib.
1962-ci ildən "Təşviqat" qatarında respublika zəhmətkeşləri qarşısında müxtəlif rayonlarda konsertlər verib, Gəncə, Zaqatala, Şəmkir, Tovuz və başqa rayonlarda çıxışlarına görə dəfələrlə Fəxri fərmanlarla təltif olunub.
Azərbaycan Aşıqlarının 3, 4 və 5-ci Qurultaylarının iştirakçısı olub və 5-ci Qurultayda Rəyasət Heyətinin üzvü seçilib. Moskva və Azərbaycan Radio və Televiziyasının "Qızıl Fond"unda səs yazıları saxlanılır, 8 valı vardır.
1972 və 1976-cı illərdə Moskvada, 1980-ci ildə Özbəkistanda keçirilmiş Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüklərində, dövlət və rayon səviyyəsində keçirilən müxtəlif tədbirlərdə iştirak edib, Dövlət Filarmoniyasında dəfələrlə konsert verib. 1973-cü və 1983-cü illərdə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Folklor bayramında iştirak edib.

ŞAİR ZƏLİMXANIN AŞIQ QARDAŞI


1960-cı ildən Tovuz Aşıqlar Ansamblının üzvü olan Aşıq Ələsgər 1962-ci ildə Azərbaycan Gənclər folklor festivalının, 1967-ci ildə Azərbaycan özfəaliyyət incəsənət festivalının laureatı olub, Ümumittifaq Festivalının 1-ci dərəcəli diplomuna, 1972-ci ildə Mədəniyyət Nazirliyinin və "Festival-72" özfəaliyyət incəsənət festivalının 1-ci dərəcəli diplomuna layiq görülüb.

1989-1993-cü illərdə Tovuz, Ağstafa və Qazax bölgələrində cəbhə xəttində Milli Ordumuzun əsgərləri qarşısında dəfələrlə təmənnasız konsertlər təşkil edib.
Aşıq Ələsgər XX əsrin ortalarından bu yana o aşıqlardan olub ki, Xalq şairi Zəlimxan Yaqub demiş: "...meydana çıxanda, məclisə girəndə, səhnədə görünəndə gözlərdə gülüş, dodaqlarda təbəssüm qanadlanır. Yastı yerişi, şirin dili, yapışıqlı danışığı, özünəməxsus bənzətmələri, havacatında olan dad-tam onu dinləyənin ömürlük yadında qalır". Z.Yaqub onu "Ustad Ələsgərin ustad adaşı" adlandırır, "şair Zəlimxanın aşıq qardaşı" deyə çağırırdı. Folklorşünas alim, professor Mürsəl Həkimov onun haqqında belə deyirdi: "Aşıq Ələsgərin sənətkarlıq yolu özünəməxsus bir tərzdə fərqlənir. O, sözü ifa edəcəyi saz havasına düzgün seçir, sazı öz səsi üstündə kökləyir, olduqca şirin zənguləli və yerli-yataqlı oxuyur. Professional ifaçı aşıq kimi fərqlənir. Onun repertuarında Azərbaycan xalq dastanları, qaravəllilər, atalar sözləri, zərb-məsəllər, atmacalar, gülləndirmələr səslənməkdədir".
Şair İlyas Tapdıq da onun haqqında həmişə yüksək fikirdə olub: "Aşıq Ələsgər Tağıyev səhnəyə gələndə şən alqışlar qopurdu; o, dastan söyləyəndə, deyişmələrdə gah Aşıq Əkbərlə, gah da Aşıq İmranla tərəf-müqabil olurdu. Səsinə tam arxayın idi; zil havaları, "Koroğlu" və "Misri"ni xüsusi ləzzətlə oxuyurdu. Olduqca nikbin görkəmi, cəsarəti və hazırcavablığı onu tamaşaçılarına, dinləyicilərinə sevdirirdi".
"Sazın-sözün məclisində qanmayan da, qanan da" olduğunu yaxşı bilən ustad aşıq hər zaman haqq-ədalət tərəfdarı olub, haqqı nahaqqın ayağına verməyib. Çünki "gördüyünü düz deməyə, bir deyənə yüz deməyə" cəsarət zatında, canında olub.
"Kimi iş görür, kimi mey içir, mən Çopura deyildir sirr", - deməkdə haqlıydı ustad. Axı, o, Haqq aşığıydı və çox şeylərdən xəbərdar idi, çoxlarının əməllərindən, hansı yuvanın quşu olduğundan halıydı. Amma belələrinə özünəməxsus təmkinlə, səbirlə yanaşardı. Hətta haqqı tapdananda belə, haqsızlıq etməzdi... Çünki xırda hisslər, qisasçılıq və s. ona yad olan şeylər idi. O, əmin idi ki, aşıq "söyləyib, oxuyub, çalarsa, hərdən dönüb şair olarsa", ellər onun qədrini biləcək, şanı-şöhrəti bütün Azərbaycana yayılacaq:

Ay Çopur, sözünə el versin qiymət,
Aşığın canıdır haqq və ədalət.
Ellərin qəlbində yaşayar əlbət,
İlhamı ellərdən alarsa aşıq.

Mənsəbdə, şan-şöhrətdə gözü olmayan, "dosta mehriban, ilqarda möhkəm" olan, "ustadlardan dərsin alan", "sözdə dərin aşığam mən", - deyən, "zil havada alovlanan", "bəmdə sərin" aşıq olan Çopur Ələsgər "Aşıq hanı mən biçimdə", - deyəndə də haqlı idi. Çünki xalqının varlığıyla coşan qanına, Azərbaycan adlı xanimanına güvənirdi. Ona görə də cəsarətlə deyirdi ki, meydanıma girən aşıq gərək yerini bilsin.
Və onun bir sənətkar olaraq özünə bu qədər arxayınlığı həm də ordan gəlirdi ki, onun meyli təbiətdəydi, ilahmını da "aranında-yaylağında tər tökdüyü" torpaqdan alırdı, hər bağça, hər bağ ona gəl-gəl deyirdi.
Aşıq Ələsgər özündən əvvəlki ustadlara həmişə böyük sayğı ilə yanaşar, repertuarında onların yaradıcılığına böyük yer verərdi. Bu mənada o, bir növ aşıq sənətinin dünəni ilə sabahı arasında canlı körpü idi.
Z.Yaqub da çox haqlı olaraq deyirdi ki, Çopur Ələsgər "ustad aşıqları yaşada-yaşada özü də ustada çevrildi".
Çopur Ələsgər həm də bədii yaradıcılıqla məşğul olurdu. Yəni təkcə ifaçı aşıq deyildi, aşıq şeirinin müxtəlif formalarında ilhamla yazıb-yaradırdı. Sazla sözü birləşdirməyi bacaran ustad aşığın bir neçə şeirlər kitabı işıq üzü görüb.
Çopur Ələsgər 2014-cü il oktyabrın 23-də dünyasını dəyişib. Amma onun əziz xatirəsi qədirbilən sənətsevərlərin qəlbində yaşayır. Ustad aşıq özünün ölməzliyinə inanırdı və şeirlərinin birində də dediyi kimi, o, sənət dünyasında sönməz bir məşəldir:

Çopur Ələsgərəm, söz dünyasıyam,
Mənalı dillənsən, tez qanasıyam.
Nurlu məşəl kimi hey yanasıyam,
Nə saralan, nə də solan aşığam.

Mənbə: Ədalət
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *