“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçiriləcək.
AzNews.info xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti”, professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış edəcəklər. Eyni zamanda ustad aşıqlardan Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmov, Prezident təqaüdçüsü Mahmud Məmmədov və Əməkdar Mədəniyyət İşçisi Əhliman Rəhimovun da çıxışları nəzərdə tutulub.
Tədbirin bədii hissəsində isə Əməkdar Mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu (“Ana yurdum”), Əli Tapdıqoğlu (“Heydər baba”), Solmaz Kosayeva (“Ata Heydərim”), Haşım Qubalı (“Xilaskarımız Heydər baba”), Gözəl Kəlbəcərli (“Ulu Heydərimiz”) və “Misri” qrupu (Ü.Hacıbəylinin “Koroğlu” opearasından “Üvertüra”) çıxış edəcəklər.
Tədbir 2016-cı il mayın 6-da saat 15.00-də Bakı şəhərində yerləşən Muzey Mərkəzinin akt zalında keçiriləcəkdir.
Mənbə:> AzNews.info