Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinə yeni sədr seçildi
Mart ayının 3-də Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin növbədənkənar iclası keçirildi. Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açdı. AzNews.info xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxıldı. Ustad aşıq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov çıxış edərək bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürdü. Ustad aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarə Azaflı və digərləri də bu təklifi dəstəklədilər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışdı, yeni təyinatlar haqda məlumat verdi. İclasın qərarıyla Məhəmmədəli Məşədiyev yaradıcılıq məsələləri üzrə, Sənubər Bağırova beynəlxalq məsələlər üzrə, Musa Nəbioğlu mətbuat, informasiya və nəşriyyat məsələri üzrə, Ağamurad Şirvanlı regionlarla iş üzrə, Altay Məmmədli təşkilat və gənclərlə iş üzrə katiblər, professor Qəzənfər Paşayev Ağsaqqallar şurasının sədri, Elxan Məmmədli elmi işlər, Gülarə Azaflı isə qadın aşıqlarla iş üzrə sədrin müşavirləri, Abbas Musaxanoğlu və Nemət Qasımlı bədii şuranın həmsədrləri vəzifələrinə təsdiq olundular.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edirdi.
Mənbə:> AzNews.info