Mübariz Mənsimov əslində kimdir?
Yaxud, gündəmi çirkləndirən ünsurlər və Allah qarşısında görülən işlər
Ermənilər nəyə görə dünya informasiya vasitələrinə təsir edə bilir və bununla da ətraflarına çoxlu tərəfdaş toplayırlar? Ona görə ki, onlar nə qədər murdar, alçaq, xain şərəfsiz olsalar da, heç vaxt bir-birilərinin ayaqlarının altını qazmırlar. Bu onların əsas siyasətidir.
Bizdə nə baş verir? Kim ki, öz əməli işi və bacarığı sayəsində müəyyən uğur qazanır və həmin uğur getdikcə düşmən münasibətdə olan millətin kefinə soğan doğradıqca, həmin adama qarşı kompramatlar axtarmağa başlayırlar. Hal-hazırda ürəyi Azərbaycan eşqi ilə döyünən, ermənilərə sonsuz nifrət bəsləyən həmyerlimiz Mübariz Mənsimova qarşı son dövrün ən iyrənc kompaniyası gedir. Onun müflis olduğunu bəyan edir və bunu sevinclə qarşılayırlar.
İlk növbədə onun fəaliyyəti gözdən salınır və ailəsinin zəngin həyat tərzi sürdüyü gündəmə gətirilir. Qardaşının sürdüyü maşınlar və yaşadığı ev manşetə çıxarılır. Birincisisi, Mübariz Mənsimovun ailəsində 7 şəhid və ən yaşlısı 21 yaşında olubdur. Hansı imkanlı adamın və ya məmurun ailəsində bu qədər sayda şəhid var? İkincisi, Qarabağın işğalı ilə heç cürə barışmayan Mübariz Mənsimovun tarixi bir bəyanatı var: ”Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram”. Halbuki Azərbaycanda buna oxşar bəyanatla rastlaşmaq mümkün deyil. Əksinə, ölkəmizin dövlət müəssisələrində, müxtəlif nazirliklərdə ermənilərə qohumluğu çatanlar yüksək vəzifələrdə çalışır və bu azmış kimi Ermənistandan ölkəmizə qonaq qismində gələn ermənilərin sayı da artıbdır. Üçüncüsü, Mənsimov qardaşlarının dəbdəbəli həyat sürməsi barəsində məqalələrin yerləşdirilməsi sistematik xarakter aldığı nadanlıqdan xəbər verir. Onların qazancı buna imkan verdiyi üçün istədikləri kimi yaşaya bilərlər. Halbuki bizdə iş adamı olmayan, Prezident aparatında çalışanlar, deputat və nazirlərin övladı və nəvələri, xalq malını talayan hər bir vəzifə sahibi onlardan qat-qat zəngin həyat tərzi yaşayır, xarici ölkələrə sərmayə qoyur və saysız-hesabsız iqamətgahı xatırladan mülklərə sahibdirlər.
Məlumdur ki, Mübariz Mənsimov Azərbaycan bayrağı olmayan tədbirə ayağını basmaz! Erməni terroru sənədli filmini bütün Türkiyə TV-lərində yayan, Xocalı soyqırımını Türkiyənin ən prestijli film salonlarında nümayişə çıxaran, Bodrumun mərkəzində Qız Qalası inşa etdirən, İstanbulun ən mərkəzi yerlərində Azərbaycan parkları saldıran Mübariz Mənsimov neçə-neçə sənət nümayəndələrini, o cümlədən imkanı olmayan sadə adamların müalicəsini, indiyədək Türkiyənin Ali təhsil ocaqlarında təhsil alan 18 min tələbənin təhsil haqqını şəxsi vəsaitinə ödəyir, şəhid ailələrinə, əlillərə, yaradıcı adamlara yardım göstərir, Vətən qarşısında xidmət göstərmiş bəzi adamların övladlarını mənzil ilə təmin edir.
“Palmalı” şirkətinin 25 ölkədə ofisi var və uzun müddətdir ki, həmin binalarda Azərbaycan bayrağı dalğalanır. Bu hamımız üçün qürurdur. Hazırda şirkətdə 45 min adam, onlardan 30 mini dənizçilik sektorunda çalışır. 220 tanker (onlardan 90-ı içarəyə götürülübdür) müxtəlif dənizlərdə neft məhsullarının daşınması ilə məşğuldur. Xüsusilə qeyd etmək lazımdır ki, bu yeganə şirkətdir ki, sifariş etdiyi gəmilərinə Azərbaycanın siyasi, dövlət, ictimai, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsində xidmət göstərmiş və Vətən uğrundə şəhid olmuş qəramanlarımızın adlarını verir. Halbuki bəzilərinin adına ölkəmizdə keçə belə yoxdur. Belə bir qayğı və nümunə yalnız “Palmalı” şirkətindədir.
Belə bir yaxşılıqları unudanlar və ümumiyyətlə bu yaxşılıqların müqabilində Mübariz Mənsimovu tənqid etmək düşmənə xas olan əlamətdir, manqurtluqdur. Hazırda hamımız əl-ələ verib qeyrətli, namuslu, ləyaqətli, vətənpərvər, qayğıkeş iş adamına dəstək olmalı və onu bütün şər kompaniyalardan müdafiə etməliyik.
Mübariz Mənsimovun xarakterinin xüsusiyyətləri
Mübariz Mənsimovun həmkarları arasında qazandığı böyük nüfuz biznes fəaliyyəti ilə məhdudlaşmır, yaşadığı ölkədəki ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərinliyini duymaq, işçilərin rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. İnsan psixologiyasını duymaq, kövrələn insan qəlbini almağı bacaran, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri yaddaqalan cizgilərlə zənginləşibdir.
Biznes fəaliyyəti işgüzar şəxsiyyətini tamamlayan bu cür sahibkarlar hər bir dövrdə ətrafdakı adamların ağrılı problemlərinə məlhəm olur. Bir çoxlarından fərqli olaraq, Mübariz Mənsimovun özünəməxsus xarakter üstünlüyü də ondadır ki, onun məxsus olduğu xalqın mənəvi ağrılarını olduğu kimi duymağı bacarır.
Azərbaycanlı sahibkar zaman, məkan şəraitinə uyğun olaraq, təbiət, cəmiyyət və təfəkkür qanunlarını bilməklə iş görən, davranan və ya müəyyən fikir söyləyən bir şəxsdir. Onun gerçək fəaliyyəti və davranışı həqiqi, həyati, mövcud olan və ya cəmiyyətin qanunları əsasında gerçəkləşə bilən iş prinsipinə uyğunlaşıbdır.
Çalışdığı sahədə müəyyən qərara gəlmək və nəyisə seçmək üçün Mübariz Mənsimov ətrafda baş verən hadisələri anlayır, yaşadığı dünyanı, insanı və onların əməllərini dərk edir, nəhayət, o özünün məqsədini hamıya çatdırmağı çalışır.
Şəxsiyyətinə, xasiyyətinin xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. Burada iki əks mövqe mövcuddur: eqoizm - xudbinlik, ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların; bütövlükdə cəmiyyətin mənafeyindən üstün tutmaq, ikinci mövqedəki alturizmdir - öz şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını bütövlükdə cəmiyyətin mənafeyinə tabe etməyə hazır olmaq. Əlbəttə, bunlar ifrat xudbin və ifrat alturist xasiyyətlər haqqında təsəvvür yaradır. Mübariz Mənsimov xasiyyət etibarilə ifrat alturist sayılır və onun bu nadir xasiyyəti övladlarına keçibdir. Mənsimovlar nəsli öz şəxsi mənafelərini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdikləri bizim hamımıza agahdır. Mübariz Mənsimov istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan adamların qayğılı problemlərinə biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alır. Məhz bu kübar xasiyyətinə görə ətrafdakılar ona humanist adam kimi baxırlar.
Mübariz Mənsimovun bircə amalı var, hansı işi görmək üçün qarşısına məqsəd qoyursa, onu humanizm prinsipləri əsasında görür. Humanizm - adamlar arasında bərabərlik, ədalət, insanlıq prinsiplərinə, insana məhəbbətə, onun ləyaqətinə hörmətə əsaslanan dünyagörüşüdür. Sahibkar özünü humanizm prinsipləri ilə məhdudlaşdıran, eqoizmə üstünlük verən, alturistlərə dırnaq arası baxan ünsürlərə qarşı mübarizə aparır, onları düzgün yola dəvət edir.
Həyatda ideal şəxs tapmaq, müəyyən mənada ona oxşamaq hər bir insanın arzusu ola bilər. Adama elə gələ bilər ki, həmişə realizm mövqeyindən çıxış etmək və ya həyata keçirmək üçün yalnız bütün qanunları bilmək kifayətdir. Lakin hamıya bəllidir ki, real həyatda hər şey başqa cürdür. Bəşəriyyətə məlum olan insan kodeksinə daxil olan qanunlar Mübariz Mənsimova bəlli olduğundan o, öz bilgisini ünsiyyətdə olduğu hər bir kəsə xərcləməyi özünə müqəddəs borc bilir.
Demək lazımdır ki, adamlar bir çox hallarda, xüsusilə şəxsiyyətlərinin formalaşdığı dövrdə, öz şəxsiyyət xüsusiyyətlərini düzgün qiymətləndirə bilmirlər. Bu dövrdə onlar öz qüsur və ya məziyyətlərini həddən çox kiçiltməyə, yaxud böyütməyə meyl göstərir, özləri üçün nümunə seçdikləri adamlara pərəstiş etməyə çalışırlar. Mübariz Mənsimov Azərbaycan adət-ənənələrini özündə birləşdirən gözəl nəsihətlər əhatəsində tərbiyə almasında Azərbaycan mədəniyyətini özü üçün mənəviyyat məkanı sayır və xasiyyət etibarilə hərtərəfli olaraq, əqidəli və saf adam kimi özünü tanıtdırıbdır. Ümumiyyətlə, ideal şəxsiyyət elə şəxsiyyət tipidir ki, insan, əgər ona özünün qüsurları və sosial əhatə şəraiti mane olmazsa, o cür şəxs olmaq və başqalarına da bu cür görünmək istəyir.
Göründüyü kimi, insanın mahiyyətinin, onun cəmiyyətdəki rolu və yerinin dərk edilməsində şəxsiyyət anlayışı mühüm yer tutur. Mübariz Mənsimov özünü alicənab, nəcib, qayğıkeş, təvazökar bir insan kimi aparması, vücudunda əsl insana xas olan nümunəvi xarakterik xüsusiyyətlərinin üstünlük təşkil etməsi, onun ideal şəxsiyyətə çevrilməsinə böyük təkan verir. Onun ideal şəxsiyyət kimi qeyri-adiliyi, müstənaslığı ilk növbədə onun iradə qüvvəsi, təfəkkür tərzi, dünyagörüşünün genişliyi, əxlaqi ideallarının sarsılmazlığı, estetik prinsiplərinin orijinallığı, bir sözlə fazil şəxsiyyəti səciyyələndirən bütün keyfiyyətlərlə şərtlənmişdir.
Xeyirxah və nəcib insan
Xeyirxah hərəkətlərə üstünlük verən adamın xarakterində səxavətlik xüsusiyyəti böyük üstünlük təşkil edir. Paxıllığa zidd olan xüsusiyyətlərdən biri səxavətdir. “Səxavət” peyğəmbərlərin, imamların və onların yolunu düzgün gedənlərin məşhur sifətlərindəndir. Rəsuli-Əkrəm (s.ə.) buyurub: “Səxavət behişt ağaclarındandır. Onun budaqları Yerin üzərinə səpələnmişdir. Hər kəs o budaqları tutsa (yəni hər kəs bu sayənin altında qərar tapıb səxavəti göstərsə) behiştə yaxınlaşar. Səxavətli şəxs Allah dərgahına yaxın və cəhənnəmdən uzaqdır”.
Allahın bir çox elçiləri və onların tərəfdarları əksəriyyət şəkildə birmənalı olaraq bildiriblər ki, xeyriyyəçiliklə məşğul olan hər bir şəxs (əlbəttə xeyriyyəçiliklə məşğul olan bir dövrdə İslama zidd olan hərəkətlərə yol verməyən təqdirdə) üçün Cənnətin qapıları açıqdır.
Qədim sivilizasiyalara və mədəniyyətə malik olan bəşəriyyətin rəngarəng xarakterik xüsusiyyətləri var, onlardan da ki, ən önəmlisi xalqların xasiyyətini bildirən adətənənələrdir. Bu halda Azərbaycan xalqı başqa xalqlara nisbətən öyünmək üçün israrlıdır. Çünki bizim xalqda gözəl mədəni ünsiyyət, yüksək əxlaq tərzi, əməlisaleh və xeyirxahlıq ənənəsi formalaşaraq, hətta irsi ənənəyə çevrilibdir.
Mübariz Mənsimovun elə özündən başlayan xeyirxah əməllər, elə sahibkarın ailəsi tərəfindən də davam etdirilir. O, bir çox xeyirxah tədbirləri həyata keçirir və hər bir insanın üzləşdiyi köklü probleminə həssaslıqla yanaşırlar. Kimsəsiz uşaqların qaldıqları internatlar, qayğıdan, mərhəmətdən məhrum olan ahıl insanların qaldıqları pansionatlar, xəstə, əlil, iflic uşaqların müalicə olduqları xəstəxanalar heç vaxt, əməlisaleh sahibkarın qayğı, nəvaziş, səxavətindən əskik olunmur.
Ümumiyyətlə, saleh əməllər artıq Mənsimovlar ailəsinin xasiyyətinə, adətinə çevrilibdir. Adət ona deyərlər ki, əvvəlcə düşünülmüş, ixtiyari bir iş görülsün, uzun təcrübələr, çoxlu təkrarlar nəticəsində vərdişə keçsin, tam vərdiş edildikdən sonar iradənin iştirakı olmadan qeyri-ixtiyari icra edilsin və xasiyyətə çevrilsin. Xasiyyət nə təbiidir, nə də qeyri-təbii, bəlkə insan elə yaranmışdır ki, istədiyi xasiyyətə yiyələnə bilər, məcazına uyğun gəlsə tez olar, gəlməsə gec; müxtəlif insan təbəqələrində təsadüf edilən xasiyyətlər əvvəlcə iradi, ixtiyari şəkildə aşılanır, sonra təcrübə, təkrar, vərdiş nəticəsində xasiyyətə çevrilir. Aparılan bir çox müşahidələr belə bir nəticəyə gətirmişdi ki, uşaqlar və cavanlar əvvəl hansı xasiyyətdə olmalarına baxmayaraq, başqa xasiyyətdə olanlarla dostluq etdikdə, ya onların tərbiyəsinə verildikdə, geyimdə, işdə, davranışda onların xasiyyətini qəbul edərlər. Çox güman ki, XIX əsrin sonunda, XX əsrin əvvəllərində Azərbaycanda bir çox kübar nəslin nümayəndələri, xüsusən də neft milyonçuları; Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Muxtadir Muxtarovun səxavətləri sayəsində, gözəl xeyriyyəçilik ənənəsi yaranmış və həmin ənənə bir çox insanların geninə keçmişdir.
Onlar heç kimin göstərişi olmadan, başqasının tövsiyəsini almadan, yalnız öz şəxsi əqidəsinə, aldığı əxlaq tərbiyəsinə arxalanıb xeyirxahlıqla məşğul olmağa başlamış və səxavətli əməlləri ilə on millərlə insanları sevindiriblər. Bundan savab nə ola bilər?
Bizim cəmiyyətdə cürbəcür xarakterli insanlar yaşayıb fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, çoxlu maliyyə vəsaiti əldə etmiş məmurların əksəriyyəti eqoist, ambisioz, təkəbbürlü, naqis, israfçı, öz şəxsi mənafeyini ən ülvi məqsədlərdən üstün tutan adamlardır. Belə adamlar cəmiyyət arasında, xüsusən də imkansız insanlar arasında ümidsizlik halqası yaradırlar. İmkansızların dərdinə şərik olanların sayı az, ortada yeyib kənarda gəzənlərin sayı isə çox olduğundan, mənəviyyat ardınca gedən insanlar ələ keçdikdə onların qədirlərini bilmək və qayğısına qalmaq lazımdır. Onlar nadir və çox nəcib insanlardır.
Səxavətə, ürəkaçıqlığa, xeyirxahlığa, saleh əməllərə dair orta əsrlərdə yaşamış klassik ədiblər tərəfindən saysız-hesabsız şerlər, poemalar, dastanlar yazılıbdır və həmin əsrlərdə xeyirxahlıq xüsusiyyətləri haqlı olaraq insan xarakterinin ən yüksək zirvəsində durduğu göstərilir. Lakin nədənsə Mübariz Mənsimovun dövrü fəaliyyətini izləyərkən daim özüm üçün şüar tutduğum, Şərqin tanınmış şair və alimlərindən biri sayılan Ömər ibn İbrahim Əl Xəyyam Qiyasəddin, Əbül Fəthin (1048-1123) bir rübaisi yadıma düşür:
“Qəlbin məhəbbətlə çırpınsın gərək,
Çalış inciməsin səndən bir ürək.
Dəyər yüz Kəbəyə bir könül almaq,
Kəbəyə getməyə bəsləmə dilək”.
Ömər Xəyyamın bu misralarına diqqətlə fikir yetirsək, görərik ki, həmin rübainin arxasında nə boyda hikmət var. İmkansız ailələrdən çıxan əlaçı uşaqlara xüsusi qayğı göstərən sahibkar onları öz səxavəti ilə ruhlandırır. O, gələcəkdə fayda verəcək həmin tələbələrin aspiranturaya daxil olub, dissertasiyalar üzərində işləmək üçün öz köməkliyini əsirgəmir. Deməli, xeyirxah iş adamı bir yox, iki yox, üç yox, minlərlə insanın könlünü şad etməklə, Yeri və Göyü yaradan Allahın sevimli bəndəsinə çevrilibdir.
Həzrət Əlinin (ə.) belə bir müdrik kəlamı var: “Tamah səni qul etməsin, Allah səni azad yaradıb”. Bu kəlamın fəlsəfəsini başa düşmək üçün, o qədər də baş sındırmaq lazım deyil. Həqiqətən də tamah dalınca qaçan özünü qul hesab edə bilər. Allahın yaratdığı kimi azad olmaq istəyirsənsə, onda əldə olunan var-dövlətin toplanması ilə yanaşı, hökmən ixtiyarında olan malın müəyyən bir hissəsini kasıb insanların ehtiyacı üçün xərclənməlidir. Bu haqda Həzrəti Əli (ə.) demişdir: “Ey Adəm oğlu! Ehtiyacından artıq qazandığın şeyi başqaları üçün yığırsan”. Şübhə yox ki, insan ehtiyacından əlavə nəsə əldə edibsə, onda artıq şeyi başqaları ilə bölüşdürməlidir. Sən xərcləməsən, Allah yetirməz. Bu prinsip bütün humanist insanlara agahdır. İnsanın imkanları, gerçəkliyə çevrilmə formasına görə aktual və potensial imkanlara ayrılır.
Aktual imkanlar birbaşa gerçəkləşə bilər. Bu imkanlar Mübariz Mənsimovun gündəlik həyatı və praktik fəaliyyəti ilə bağlıdır. Onun aktual imkanları konkret imkanlardır, onların gerçəkləşməsi üçün o, əlindən gələn bütün işləri həyata keçirir. Sahibkar bir fərd kimi cəmiyyətlə sıx təmasda olur və xeyriyyə ilə bağlı işləri adamların arasında tətbiq edir.
Xeyirxahlıq insanlarda ən ali insanı keyfiyyətdir. Onlar, yəni xeyriyyəçilər, humanistlər Allaha daha yaxın adam olurlar. Çünki onların əsas missiyası insanlara xidmət göstərməkdən, məzlum və fəqirlərə dayaq olmaqdan, imkansızlara yardım etməkdən ibarətdir.
Bütün bu insani keyfiyyətləri ilə bərabər Mübariz Mənsimovdakı səxavət, səbr, inam və mərhəmətə heyran olmamaq mümkün deyil. Bu insanpərvər, vətənpərvər, tərəqqipərvər ailənin fəaliyyətini izlədikdə, xatirəmdə erkən orta əsrlərdə yaşayıb yaratmış, Azərbaycanda elmi yüksək zirvəyə qaldırmış, humanist elm dühası, Marağa rəsədxanasının banisi Mühəmməd Nəsirəddin Tusinin (1201- 1274) dövrü fəaliyyəti düşdü. O, aldığı maaşın çox hissəsini elm yoluna qədəm qoymuş insanların ehtiyacına xərcləyirdi. Sonrakı dövrdə Marağa rəsədxanasında çalışan və təhsil alan yüzdən çox alimin, müəllimin, altı yüzə yaxın tələbənin müntəzəm maaş alması üçün, onların ailələrinin mənzil ilə təmin olunması və vergidən azad olunması üçün o, hökmdardan xüsusi imtiyazlar almışdı. Tusi nəinki rəsədxanasında çalışan insanlar üçün, hətta Azərbaycanda yaşayan bütün sənətkarların maddi-rifahının və sosial-rifahının yaxşılaşdırılmasına böyük səy göstərmişdi.
Azərbaycan bir quruluşdan digər quruluşa keçən zaman böhran vəziyyətində olmuş və nəticədə əhalinin əksər hissəsi iqtisadi böhran vəziyyəti ilə ayaqlaşa bilməyib kasıbçılığın məngənəsinə düşmüşdür. Belə bir ağır durumda məzlumların sayı artdığı bir dövrdə imkanlı şəxslər ambisioz, eqoist insanlar kimi özlərini düşünərək, yalnız şəxsi maddi rifahlarını, maliyyə durumlarını daha da yaxşılaşdırmaq üçün öz pullarını “səmərəli” dövriyyəyə buraxırlar. Lakin bütün bu ədalətsizliyə baxmayaraq, təzadlarla dolu olan cəmiyyətimizin rəngarəng təbəqəsinin içərisindən ürəyi xalqın problemi ilə döyünən vətənpərvər, insanpərvər xeyirxah insanlar çıxır. Səxavətli insanların, xeyriyyəçilərin meydana çıxması kasıbçılıq həddində yaşayan aşağı təbəqəli insanların daxili aləmində ruh yüksəkliyini qaldıraraq, onların nikbinliyini artırır.
Əsl xeyriyyəçi ümumxalq mənafeyi güdməli, ümumbəşəri dəyərlərə arxalanmalıdır. Mübariz Mənsimovun həyata keçirdiyi xeyirxah işləri yalnız Yeri, Göyü yaradan o əbədi Allahın adı ilə görür. O, əlinə düşən bütün ruzi-bərəkətin də Ulu Tanrı tərəfindən yetirilməsinə, azacıq olsun şəkk-şübhə etmir. Müqəddəs amal uğrunda kim öz səy və bacarığını nümayiş etdirirsə, Allah həqiqətən də həmin şəxsə yardımçı olur.
Xeyirxah insanlar heç bir çətinliklərə əhəmiyyət verməyib vicdanlarının səsi ilə öz işlərini həyata keçirirlərsə, deməli Allah qarşısında olan ən müqəddəs işi icra etmiş olurlar. Birinci İmam Həzrət Əli (ə.) buyurub ki, “Yurdsuzlar və fəqirlər Allahın elçiləridir, hər kim onlara kömək etsə, Allaha kömək edir, hər kim onları incitsə Allahı incidir”.
Ramiz Dəniz, yazıçı-tədqiqatçı, Prezident təqaüdçüsü Təzadlar.az
Mənbə:> Təzadlar.az