Mübariz Mənsimov Xanım Qafarovanın qızına ev bağışladı
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov azərbaycanlı mərhum aktrisa Xanım Qafarovanın qızına ev verib.
AFN-in xəbərinə görə, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib. “Mərdlik, səxavət hər imkanlı insana xas olan dəyər deyil” deyən Q.Paşayeva M.Mənsimova təşəkkürlərini ünvanlayıb: “Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəmişlik içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə. Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim: “Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik”. Açığı bu cavabı eşidəndə çox duyğulandım. Necə təşəkkür etdiyimi də o həyəcanın təsirindən xatırlamıram. Bir az əvvəl də danışdıq Mübariz müəllimlə. Mübariz müəllim balaca Gövhərə evi hədiyyə etdiyini dedi və bildirdi ki 20-gün içərisində evin içərisi tam hazır olacaq və Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək. Uşaq kimi sevinirəm. Sanki o ev mənim övladıma hədiyyə edilmiş qədər sevinirəm.
Mübariz Mənsimov Xanım Qafarovanın qızına ev bağışladı
Mübariz müəllimə çox təşəkkür edirəm ki, hər zaman olduğu kimi, yenə də mərdliyini, millətini sözdə deyil, əməldə sevənlərdən olduğunu bir daha göstərdiyi üçün. Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da, etməmişdilər. Demək ki, mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və təşəkkürlər, Mübariz müəllim”.
Mənbə:> AFN.az