Mübariz Mənsimov Mir Şahinə nələri açdı?
Mənim İŞİD-lə ticarət əlaqələrimin olduğunu deyən insanlar özləri də buna inanmırlar. Çünki bu xəyal edilə bilməyəcək bir şeydir.
AzNews.info xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov ANS-in vitse-prezidenti Mirşahin Ağayevə verdiyi geniş müsahibəsində deyib.
M.Mənsimov vurğulayıb ki, “Palmali”nin bütün gəmilərinin son 12 ildə hansı yükü hardan götürüb, hara apardığına qədər hər şey ortadadır:
“Yüklərin analiz sertifikatı olur. Bu da var bizdə. İstəyən şəxs internetə girib 24 saat, hətta 10 gün əvvəldən gəminin gedişatını izləyə bilər”.
İş adamı son vaxtlar mətbuatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu ilə biznes əlaqələrinə dair yayılan məlumatlara da münasibət bildirib:
“Bunu Türkiyədə də yazdılar. Bəli, mənin Rəcəb Tayyib Ərdoğana hörmətim sonsuzdur. Mən onu prezident olmamışdan əvvəl də çox hörmət etdiyim bir insan və böyüyüm kimi tanıyırdım. O hər zaman iş adamlarının yanında olub. O bilir ki, Türkiyənin gələcək inkişafı üçün nələr etmək lazımdı. Amma inanın ki, mən Rəcəb Tayyib Ərdoğanın oğullarını belə tanımıram. Hər kəs boş-boş danışır”.
Mənbə:> ANSPRESS