SOCAR Mübariz Mənsimovun gəmiləri ilə bağlı məlumatlara aydınlıq gətirdi
SOCAR “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəmini müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az-a açıqlama verən şirkətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov bildirib ki, Mübariz Mənsimova və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir görülməyib.
İ.Əhmədov “Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına da toxunub. O deyib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir:
“SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.
Xatırladaq ki, Türkiyənin “Deniz Haber” portalı “Palmali” şirkətinə məxsus 14 tankerin SOCAR-ın mülkiyyətinə keçməsi barədə məlumat yayıb. Bildirilir ki, SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə “Palmali”nin Türkiyədəki bəzi turizm aktivləri SOCAR-a keçib.
Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına “Palmali”nin tankerlərinin daxil olmasını qadağan edib.
Sayt onu da xatırladır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən “Palmali” şirkətinin bu ölkədəki törəmə şirkətinə qarşı iri məbləğdə vergi gizlətmə şübhəsi ilə təhqiqat aparılır.
Mənbə:> Oxu.az