İlqar Məmmədov və “ReAL” Tbilisidə gizli fəaliyyətə keçirlər
Yanvarın 21-də Tbilisidə müxalif “ReAL” hərəkatının qurultayı keçiriləcək. Bu barədə virtualaz.org-a qurultayda iştirak edəcək nümayəndələrdən biri məlumat verib.
Paradoksal olsa da, “ReAL”ın müxalif KİV-lərdə geniş işıqlandırılan və piar-aksiyalarla müşayiət edilən digər tədbirlərindən fərqli olaraq, bu qurultay ciddi gizlilik şəraitində keçirilir.
Belə ki, tədbirə hazırlıq işlərinin başlanmasına hələ çox qalmış onun təşkilatçıları iştirakçılara xəbərdarlıq ediblər ki, hərəkatın qurultayı barədə məlumatı yaymasınlar. Bununla belə, virtualaz.org-a məlum olduğuna görə, “ReAL”ın qurultayında iştirak etmək üçün Gürcüstan paytaxtına 100-dən çox nümayəndə yollanacaq.
Maraqlıdır ki, “ReAL”ın gizli qurultayının təşkilatçıları bu qədər məsrəf tələb edən tədbirin maliyyə qaynaqlarını da açıqlamırlar. Azərbaycandan olan müxalif təşkilatın Tbilisidə gizli qurultayının keçirilməsinə razılıq vermiş Gürcüstan hakimiyyətinin mövqeyi də narahatlıq doğurur.
Qeyd edək ki, “ReAL” (“Respublikaçı Alternativ”) həbsdə olan İlqar Məmmədovun başçılıq etdiyi müxalif hərəkatdır. İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş vermiş iğtişaşlarda təşkilatçı olduğuna və fəal iştirakına görə saxlanılıb. O, 2014-cü ildə məhkəmənin qərarı ilə 7 il müddətinə həbs cəzasına məhkum edilib. 2014-cü ilin may ayında AİHM bildirib ki, İ.Məmmədov barəsində cinayət işinin araşdırılmasında pozuntulara yol verilib.
Azərbaycanın bu məsələdə rəsmi mövqeyi bundan ibarətdir ki, ölkə hökuməti AİHM-nin İlqar Məmmədovun işi üzrə bütün tövsiyələrini yerinə yetirib, onun qeyd-şərtsiz azad edilməsi tələbi isə AİHM-nin qərarında öz əksini tapmayıb.
Mənbə:> Virtualaz.org