Gəncədəki dəhşətli qəzanı polis rəisi törətməyib? – RƏSMİ İDDİA
İlham Babayev: “Yol polisinin rəisi sükan arxasında olmayıb”
Eşqin Qasımov: “Sürücü qırmızı işıqda keçməyib”
Dünən Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəhim Zalovun idarə etdiyi avtomobillə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda qəza törətməsi ilə bağlı saytımızda məlumat vermişdik.
Hadisə şahidlərinin Hurriyyet.org-a verdiyi məlumata əsasən, polis rəisi R.Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən bir xanımın üzərindən keçib.
Şahidlər bildirir ki, xanım qəza zamanı polis rəisinin avtomobilinin altında sürüklənib. Qəzadan dərhal sonra təxminən 20 nəfərə yaxın şəxs Gəncə DYP-yə məxsus BMW markalı avtomobili qaldıraraq, qızı altından çıxarıblar.
“Rəis özü arxa oturacaqda oturub”
Hadisə ilə bağlı əlaqə saxladığımız Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Babayev Hurriyyet.org-a dedi ki, əslində, qəzada xəsrət alan xanım yaşıl işığın yandığı bir vaxtda keçib: “Yol polisinin rəisi sükan arxasında olmayıb. Rəis xidməti avtomobildə olub, özü arxa oturacaqda oturub, maşını sürücü idarə edib. Xanıma da dizindən yüngül xəsarət toxunub. Xəstəxanada ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. 1979-cu il təvəllüdülü bir xanımdır. Hazırda öz evindədir. Müalicəsini davam etdirir”.
“Xəsarət alan xanımın əlaqə nömrəsini verə bilərsinizmi” sualına İ. Babayev DİN-nin Gəncə regional mətbuat xidmətinin rəhbəri Eşqin Qasımovla əlaqə saxlamağımızı məsləhət bildi: “Eşqin Qasımov sizi xanımla əlaqələndirər”.
“Yaşıl işığın yanıb-sönməsi olub ki, bu da sürücüyə hərəkəti davam etdirməyə icazə verir”
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru leytenat Eşqin Qasımov isə Hurriyyet.org-a bildirdi ki, hadisə şahidlərin dediyi kimi olmayıb: “İlk növbədə onu deyim ki, sürücü Rəhim Zalov yox, onun sürücüsü olub və Rəhim Zalov arxada əyləşib. İkincisi, qırmızı işıqda keçmək olmayıb, yaşıl işığın yanıb-sönməsi olub ki, bu da sürücüyə hərəkəti davam etdirməyə icazə verir, orada qırmızı işıq yanmayıb. Üçüncüsü də vətəndaş Ənvərova Xalidə Mirvaqif qzı “Yeni Gəncə” Tibb Mərkəzinə gətirilib, orada müəyyən olunub ki, sağ dizindən əzik xəsarəti alıb və müayinə olunandan sonra ambulator müayinəyə göndərilib”.
“Vətəndaşın şəxsi informasiyasını vermək vəzifə borcum deyil”
“Elədirsə, onda zərəçəkənin əlaqə nömrəsini, verə bilərsinizmi ki, özü ilə əlaqə saxlayaq” dedikdə E. Qasımov bildirdi ki, vətəndaşın şəxsi informasiyasını vermək onun vəzifə borcu deyil: “Verə bilmərəm, ona icazəm yoxdur, açığı, bilmirəm də”.
“Heç kim maşını da qaldırmayıb”
“Amma hadisə şahidi sizin dediklərinizin əksini deyir” sözlərimizin qarşılığında isə E.Qasımov dedi ki, o, sizin şahidinizdir: “Mən də bir rəsmi qurmun sözçüsü kimi sizə olan hadisəni rəsmi şəkildə çatıdırıram ki, hadisə faktiki belə olub. Rəhim Zalov arxada əyləşib. Orada qırmızı işıq olmayıb. Yaşıl işıq yanıb- keçirmiş və vətəndaş ağır vəziyyətdə olmayıb. Heç kim də maşını qaldırmayıb. Sürücü özü şəxsən zərərçəkəni maşına qoyaraq, “Yeni Gəncə” Tibb Mərkəzinə aparıb. Müəyyən olub ki, sağ dizindən əzik xəsarəti alıb. Müayinədən sonra evə buraxılıb. Hazırda sürücü ilə bağlı müvafiq tədbir nədirsə, o da görüləcək”.
P.S. Hadisənin şahidi olduğu halda, DİN rəsmiləri İlham Babayev və Eşqın Qasımov faktın doğru olmadığını söyləyir. Ancaq faktın doğru olduğunu təsbit edən kameralar var. Fakt rəsmilərin dediyi kimidirsə, xahiş edirik, o zaman DİN həmin ərazidə olan kamera görüntülərini Hurriyyet.org vasitəsilə yaysın və hadisəyə tam aydınlıq gəlsin. Yoxsa, belədə DİN rəsmilərinin dedikləri heç bir əsası olmayan sözdən başqa bir şey deyil. Çünki şahidin dedikləri ilə rəsmilərin dedikləri heç bir halda üst-üstə düşmür.
Mənbə:> Hurriyyet.org