“Yaşıl ideya-Yaşıl həyat” adlı layihənin tədbirləri keçirildi – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsində qalib olmuş “Yaşıl ideya-Yaşıl həyat” adlı layihənin 2 günlük təlimi Bakı Biznes və Kooperasiya Kollecində keçirilib.
AzNews.info xəbər verir ki, təlimin açılış günü çıxış edən layihə rəhbəri Nicat Kamilov layihənin həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkür etmiş və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva çıxış edərək layihənin mövzusunun müasir dövrümüzün ən ciddi problemlərindən biri olduğunu bildirmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən və əldə olunan nəaliyyətlərdən danışan F.Quliyeva ekologiyanın qorunması istiqamətində Ulu öndər Heydər Əliyevin söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bu gün artıq bu sahəyə cənab Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığını bildirən F.Quliyeva ölkə başçısının iştirakı və təşəbbüsü ilə tez tez ağacəkmə kompaniyalarının keçirilməsini, ölkə ərazisində yaşıllıqların hər il daha da artırılmasını və bu cür ekoloji layihələrin hər zaman dəstəkləndiyini bildirmişdir.
Daha sonra çıxış edən bu sahə üzrə mütəxəssislər və müəllimlər Ağamehdi Ramazanov və Sahil Murtuzarov ölkəmizin dünya üzrə ekoloji problemlər qarşısında mövcud vəziyyətini dəyərləndirmiş, iqtisadi inkişaf nəticəsində təbiətə vurulan zərərlərin minimum həddə çatdırılması üçün yeni ideya və texnologiyaların istifadəsindən danışmışlar.
Ekologiya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin doktorantı və layihənin təlimçisi Xumar Dadaşova ekologiyanın nə olmasını, onun inkişaf tarixini, ekologiyanın vəzifələrini, metodlarını və qlobal ekoloji problemləri təlim iştirakçılarına izah etmişdir. Dünya və ölkəmiz üzrə Milli parkların faiz bölgüsündən danışan X.Dadaşova hər il bu göstəricinin azalmasının gələcəkdə çox böyük fəlakətlərə yol açaçağını bildirmişdir.
Təlimin sonuncu günündə çıxış edən layihə rəhbəri Nicat Kamilov tədbir iştirakçılarına göstərdikləri maraq və təşəbbüslərə görə təşəkkürünü bildirmişdir. Daha sonra layihənin həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkür edən N.Kamilov təşkilati dəstəyə görə isə Bakı Biznes və Kooperasiya kollecinin rəhbərliyinə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edənlər Zakir Məmmədov və Şahmar Həsənli keçirilən layihənin aktuallığını, indi dövrümüz və gələcək nəsillər üçün çox vacib mövzu olduğunu bildirmişlər. Ekoloji dayanıqlılıq, fəlakət və böhran vəziyyəti, həmçinin faciəli təbiət hadisələrindən danışan çıxışçılar, baş verən problemlər zamanı onlardan minimum zərərlə çıxmağın metod və vasitələrini təlim iştirakçılarına çatdırmışlar.
Ekologiya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin doktorantı və layihənin təlimçisi Xumar Dadaşova təlimin növbəti və son günündə iştirakçılara “ekologiya, ətraf mühit və insan” mövzusunda təlim keçmişdir. Həyat mühiti və ekoloji faktorlardan danışan X. Dadaşova təlim iştirakçılarının bu mövzuda təklif və tövsiyyələrini dinləmiş, təklif olunan ideyaların həyata keçirilməsi istiqamətində görüləcək ardıcıl işlər barədə məlumat vermişdir. İştirakçılarla aparılan gərgin müzakirələrdən sonra təlim sona çatmış və layihənin bağlanış mərasimi keçirilmişdir. Layihədə iştirak edənlər sonda Sertifikatla təltif olunmuş və birgə xatirə şəkli çəkilmişdir.
Mənbə:> AzNews.info