Gənclər fondunun dəstəyi ilə daha bir layihə həyata keçirildi – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Hafiz Əzəmmədov tərəfindən Gəncə-Qazax regionunda icra olunan “Bazar iqtisadiyyatı şəraitində ekoloji proseslərin iqtisadi problemləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AzNews.info xəbər verir ki, tədbiri giriş sözü ilə layihə rəhbəri Hafiz Əzəmmədov açıb. Hafiz Əzəmmədov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən layihənin təlimçisi Səbuhi Aslanov Gəncə-Qazax regionunda layihənin həyata keçirilməsinin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Layihənin keçirilməsində əsas məqsəd ölkəmizin iqtisadi-ekoloji sisteminin dayanıqlı inkişafının təmin edilməsi mexanizminin işlənib hazırlanmasından ibarətdir.
Layihənin təlimçisi Səbuhi Aslanovun sözlərinə görə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğundur:
- ölkədə ekoloji inkişafın təmin edilməsinin iqtisadi aspektlərinin araşdırılması;
- müasir dövrdə davamlı ekoloji inkişafın iqtisadi metodlarından istifadənin xarici ölkə təcrübəsinin öyrənilməsi;
- Azərbaycan Respublikasında iqtisadi-ekoloji sistemin müasir vəziyyətinin qiymətləndirilməsinin əsaslandırılması;
- ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlığın təsirinin müəyyənləşdirilməsi;
- davamlı iqtisadi-ekoloji inkişafın idarə olunmasının sistemli təhlilinin verilməsi;
- ölkəmizdə ətraf mühitə dəyən zərərin qiymətləndirilmə metodikasının təkmilləşdirilməsinin müəyyən edilməsi;
- ekoloji menecment çərçivəsində müəssisənin davamlı inkişaf istiqamətlərinin işlənib hazırlanması.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Daha sonra iştirakçılara və rayon sakinlərinə layihə çərçivəsində hazırlanan kitab və dəftərxana ləvazimatları paylanılıb və xatirə şəkilləri çəkdirilib.
Mənbə:> AzNews.info