Şahdağda “Salsa & Baçata Festival”ı keçirilmişdir. – FOTO
11 noyabr tarixində “Şahdağ” Turizm Mərkəzində çoxdan gözlənilən Latın Amerikası rəqsləri üzrə festival keçirilmişdir. Əvvəlcədən elan edildiyi kimi, festivalda Amerika Birləşmiş Ştatları və İspaniyadan dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü iştirak edərək, paytaxtımızın ən məşhur Latın Amerika rəqsi məktəblərinin nümayəndələrinə master-klass keçmişdirlər. “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirakı ilə tədbirdə 220-dən çox rəqqas iştirak etmişdir.
AzNews.info xəbər verir ki, tədbirin birinci hissəsində İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəlikləri barəsində təlim keçmiş, festivalın ikinci hissəsi isə əsl bayram əhval-ruhiyyəsi ilə davam etmişdir.
Tədbir iştirkakçılarına sürpriz olaraq Gürcüstan Milli Sosial Rəqs Federasiyasının prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə də master-klass təşkil olunmuş və tədbir iştirakçılarının sevincinə səbəb olmuşdur.
Azərbaycanda ilk dəfə təşkil olunan tədbirə nəinki paytaxtda, eləcə də region ölkələrində kifayət qədər çox maraq göstərildiyindən festivalın ənənə halını alaraq hər il və daha geniş miqyasda keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi ölkəmizin yalnız xizəkçilik, hotelçilik və qış-yay əyləncələri turizmi ilə deyil, eləcə də bu cür əyləncəli tədbirlərin də inkişaf etdiyi festivallar, beynəlxalq tədbirlər turizmi ilə də tanınması üçün daim öz töhfəsini verir.
Mənbə:> AzNews.info