“Şahdağ“ Turizm Mərkəzində Novruz sevinci
Baharın gəlişi və təbiətin oyanması ilə simvolizə olunan Novruz bayramı münasibətilə “Şahdağ“ Turizm Mərkəzində mart ayının 18-dən başlayaraq xüsusi Novruz əyləncələri təşkil olunacaq. AzNews.info xəbər verir ki, bayramı qarlı Şahdağ dağlarının yamacında, tam fərqli bir mühitdə keçirmək istəyənlər “Şahdağ” Turizm Mərkəzinə üz tuta bilərlər.
Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində turizm mərkəzini ziyarət edənlərin sayı artır. Bu il də milli və tarixi adət-ənənlərimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan bu bayramı məhz “Şahdağ” Turizm Mərkəzində qarşılamaq istəyənlər buraya xeyli maraq göstərirlər. Bu amili nəzərə alaraq Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılmışdır. Beləliklə, qış mövsümünün son günlərini daha yaddaqalan və maraqlı etmək istəyənlər üçün Şahdağın yamacları və yolları hər zaman açıqdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayınadək davam edir. Mövsüm başlayandan bu günədək turizm mərkəzini ziyarət edənlərin sayı isə 60 000-dən çox olmuşdur.
Hotellərin və xizək ləvazimatlarının qabaqcadan bronlaşdırılması, xizək məktəbində fəaliyyət göstərən təlimatçıların qabaqcadan seçilməsi kimi xidmətlərdən faydalanmaq, eləcə də ödəniş etmək üçün “Şahdağ” Turizm Mərkəzinin Bakıda, Bül-bül prospekti 26 ünvanında yerləşən və məlumat bürosu rolunu oynayan informasiya mərkəzinə müraciət edilməsi tövsiyə olunur.
Mənbə:> AzNews.info