Xarici turistlər “Şahdağ” Turizm Mərkəzinə maraq göstərirlər » AzNews.info -Xəbər portalı

Xarici turistlər “Şahdağ” Turizm Mərkəzinə maraq göstərirlər

Xarici turistlər “Şahdağ” Turizm Mərkəzinə maraq göstərirlər


Ölkəmizdə turizmin inkişafı ilə bağlı mühüm məsələlərdən biri bölgələrdə yaradılan yeni turizm mərkəzlərinin fəaliyyətinin daha geniş təbliğ olunması və tanıdılmasıdır. AzNews.info xəbər verir ki, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi müxtəlif turizm mərkəzlərinə tanıtım və media turları təşkil edir. Belə səfərlərdən biri fevralın 11-12-də “Şahdağ” Turizm Mərkəzinə gerçəkləşdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən press-turda ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumlarının nümayəndələri iştirak edirdi. Səfərin əsas məqsədi kompleksin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat vermək idi.

Şahdağın qışı da, yayı da gözəldir

Paytaxtdan “Şahdağ” Turizm Mərkəzinə yolçuluğumuz Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısından başladı. Yolboyu turun proqramı, qarşılanma, yerləşmə haqqında məlumat verilirdi. Günorta saatlarında turizm kompleksinə çatdıq.

5 ulduzlu “Shahdag Hotel &Spa” mehmanxanasına yerləşdikdən və nahar fasiləsindən sonra mərkəzlə tanışlıq başladı.

“Şahdağ” Turizm Mərkəzinin əməkdaşı Şamil Mikayıllı məlumat verdi ki, hazırda burada 5 hotel fəaliyyət göstərir. Bu hotellərdə 1100 nəfərin gecələməsi üçün şərait var. Ümumilikdə isə mərkəz gün ərzində 10 min nəfərə yaxın turistə xidmət etmək gücündədir. Burada 11 kanat xətti, 14 xizək enişi yamacı, həmçinin “Ovdan SPA” mərkəzi və hovuz turistlərin ixtiyarındadır. Kompleksin restoranlarında Azərbaycan mətbəxi ilə yanaşı, dünya mətbəxi nümunələri də təqdim edilir.
Media mənsubları yerləşdikləri “Shahdag Hotel &Spa” ilə yanaşı, “Zirvə” mehmanxanası ilə də tanış oldular. Jurnalistlərə hotellərdə yaradılan şərait, yerləşdirmə və xidmət barədə ətraflı məlumat verildi.

Sonra digər turizm və xidmət obyektlərinin fəaliyyəti ilə tanış olduq. Kompleksə gələn peşəkar idmançıları 14 xizək enişi yamacına 11 kanat xətti qaldırır. Burada həm kürsü tipli, həm yeni xizək sürməyi öyrənənlər üçün “sehrli xalça”, həm də asma buraz yolları (qondola) adlanan 8 nəfərlik kanat xətti fəaliyyət göstərir.

Press-tur iştirakçıları da mərkəz ərazisində yerləşən ən uzun və ən yüksək dağ zirvəsinə qaldıran kanat xətti – qondola ilə dəniz səviyyəsində 2100 metr hündürlüyə qalxdılar. Bu kanat xəttinin digərlərindən fərqi həm də kabinə formasında olmasıdır. Digər kanat yolları daha çox xizək sürmək üçün istifadə edilirsə, bu kanat xətindən isə əsəsən dağ zirvəsi və yamacı boyunca gözəl mənzərələri seyr etmək istəyənlər istifadə edirlər. Kanat xəttinin uzunluğu 1794 metr, xizək enişi yamacının uzunluğu isə 1880 metrdir. Bu, kompleks ərazisində olan ən uzun xizək enişi yamacıdır.

Xarici turistlər kompleksə maraq göstərirlər

Şahdağ Turizm Mərkəzi ilin hər fəslində həm yerli, həm də xarici turistləri cəlb edir. Yayı başqa, qışı isə bambaşqa bir gözəlliyə sahib olan kompleksə həftəsonu üz tutanlar daha çoxdur. Qış tətilini Azərbaycanda – “Şahdağda” keçirən xarici turistlərin də sayı az deyil.

Çinli turist Yan Çan kompleksə ilk dəfə gəldiyini deyir: “Bu gün istirahətimin ilk günüdür. Buranın mənzərəsi adamı heyrətləndirir. Qar təmiz və yumşaqdır. Çində isə qar çox bərk olur. Burada xizəklərlə sürüşmək isə daha çox əyləncəlidir”.

İranlı turist Həsəni Zərinqala isə “Şahdağ” Turizm Mərkəzində bir həftəlik istirahət müddətinin yekunlaşdığını bildirir: “Qış tətilimi burada keçirtməyə qərar verdiyim üçün heç də yanılmamışam. İlk dəfədir burada oluram. Şəraiti yüksək qiymətləndirirəm. Xizək sürmək və kanatla dağların zirvəsinə qalxmaq çox maraqlıdır. Dağların zirvəsində ətrafda olan bütün ərazilər çox gözəl görünür”.

Daha bir iranlı qonaq, Təbriz şəhərindəki “Alp” turizm şirkətinin əməkdaşı Hüseyn Məhəmmədpur da “Şahdağ”da turistlər üçün yaradılan şəraitdən razılığını bildirir: “Bizim turizm şirkəti İranda eko turizm sahəsində böyük təcrübəyə malikdir. Həm dünyanın müxtəlif ölkələrinə bu istiqamətdə turist səfərlərinin təşkili, həm də İrana xarici turistlərin cəlb olunmasını həyata keçiririk”.

Müsahibim deyir ki, 2015-ci ilin əvvəllərində “Şahdağ”da olduqdan sonra, kompleksin turizm imkanları barədə İranın bir sıra qəzet və saytlarında materiallar dərc etdririb: “Bizim elanlardan sonra çoxlu müraciətlər oldu. Azərbaycana, həmçinin “Şahdağ” Turizm Mərkəzinə bir neçə dəfə turistlər gətirmişəm. Novruz bayramı öncəsi də turlarımız olacaq. Budəfəki turumuzda Tehran, Təbriz, Urmu və İsfahandan 17 nəfər xizək üzrə peşəkar idmançılar iştirak edir. Onlar bu səfərdən çox razı qalıblar”.

Hüseyn Məhəmmədpur iranlı turistlərin Azərbaycana daha çox gəlmək istədiklərini deyir. Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrində ləngimə, saatlarla gözləmə olmasa və bir də yemək qiymətləri bir az aşağı olsa, İrandan ölkəmizə gələn turistlərin sayı artar.

Media nümayəndələrinə xizək dərsləri

Qışda turistlər “Şahdağ” Turizm Mərkəzinə daha çox xizək sürmək üçün gəlirlər. İlk dəfə xizək sürən, təcrübəsiz turistlər üçün xizək sürmə dərsləri verilir. Bu, turistlərin rahat və əyləncəli, ən əsası isə, xəsarət almadan istirahət etməsinə xidmət edir. Təlimləri həm yerli, həm də xarici mütəxəssislər həyata keçirir. Kompleksin ilk mərhələsinin istifadəyə verildiyi 2012-ci ildən fəaliyyətə başlayan xizək məktəbində 40-dək çox türk, ingilis, fransız, ispan, rus və yerli mütəxəssis çalışır.

Press-turun ikinci günü media nümayəndələrinə də xizəkdən istifadə qaydaları nümayiş olundu. Əvvəlcə hər kəsə xizəklərin satışı və kirayəsi məntəqəsində xizək və xizək ləvazimatları verildi. Sonra yeni öyrənən turistlər üçün nəzərdə tutulmuş sürüşmə zolağında təlim başladı. Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları, xizək enişi və yamaclardan istifadə zamanı diqqət yetirilməli olan əsas məqamlar öyrədildi.

Press-tur fevralın 12-də yekunlaşdı. Media mənsubları “Şahdağ”a ikigünlük səfərdən bol təəssüratla döndülər.

Qeyd edək ki, inşasına 2009-cu ildə başlanılan və ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilən “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunda Şahdağ Milli Parkının ərazisində, dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 2058 hektar olan kompleks Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *