"Şahdağ"-da qış mövsümü bitdi
“Şahdağ” Turizm Mərkəzində qış mövsümü başa çatdı.
“Şahdağ” Turizm Mərkəzi 3 aprel 2017-ci il tarixindən etibarən dekabrdan bəri davam edən, sayca 5-ci olan qış mövsümünü bağlı elan edir.
AzNews.info xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Hər il olduğu kimi bu mövsüm ərzində də daha mükəmməl xidmət göstərmək, “Şahdağ” adını regional brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, mərkəz Türkiyə, Küveyt, Rusiya, Böyük Britaniyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunmuş, turizm şirkətləri üçün info-turlar təşkil edilmişdir.
Görülən tədbirlərin nəticəsi olaraq, “Şahdağ” Turizm Mərkəzi Rusiyanın məşhur hotel axtarış saytı olan “roomguru.ru” saytının araşdırmalarına əsasən dağ-xizək kurortları arasında rusiyalı turistlər tərəfindən 5 ən çox ziyarət olunan ailəvi istirahət mərkəzindən biri seçilmiş, beynəlxalq hotel bron sistemi olan “booking.com”un məhz qonaqların qiymətləndirməsinə əsasən “Şahdağ Hotel və Spa” 9.0 bal alaraq, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutmuşdur.
Mövsüm ərzində turizm mərkəzini keçən ilki rəqəmləri üstələyərək 95 000-dən çox turist ziyarət etmişdir. Bu rəqəmin 40%-dən çox hissəsini əcnəbi turistlər təşkil etmişdir.
Ümumiyyətlə, 2016-2017 qış mövsümü rekord rəqəmlərlə yaddaşlarda qalmış, təkcə Yeni il bayramı günlərində mərkəz 20 000-dən çox turist qəbul etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin işçi heyətinə mövsüm ərzində müxtəlif təlimlər keçilmiş, xidmət sahəsində çalışacaq gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş Qusar Peşə Liseyi şagirdləri üçün “Mətbəx və qidalanma üzrə xidmət” mövzuları üzrə 3 aylıq master-klass layihəsi həyata keçirilmişdir. Bundan başqa, mərkəzin peşəkar işçi bazası nəzərə alınaraq bu ildən etibarən ilk şagird qəbulu 2017/2018-ci tədris ilində nəzərdə tutulan Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin yaradılması nəzərdə tutulmuşdur.
2016-2017-ci il qış mövsümündə atıcılıq və buz meydançası kimi iki yeni əyləncə növü istifadəyə verilmiş, ənənəvi qış əyləncələri ilə yanaşı qonaqlar əsas xizəkçiliyə maraq göstərmişdirlər.
Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilmişdir.
İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən “Şahdağ Hotel və Spa”, burada yerləşən regionun ən böyük SPA mərkəzi hesab olunan “Ovdan” Spanın təqdim etdiyi detoks-bərpaedici proqramı qonaqların ixtiyarında olacaqdır.
Mənbə:> AzNews.info