"Şahdağ"-dan yeni rekord göstərici – FOTO
“Şahdağ” Turizm Mərkəzində keçirilən bu ilki Yeni İl şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaratmışdır. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilmiş, təntənəli yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşamışdır.
AzNews.info xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində Yeni İl bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində 4 yanvar 2017-ci il tarixində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulmuşdur. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak etmişdir, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulmuş, əxlaqi-tərbiyəvi mesajlar verilmişdir. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olmuş, aktyorların çıxışları alqışlarla müşaiyət olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi klassik əsərləri səhnələşdirilmişdir.
Qeyd edək ki, bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalmışdır. Belə ki, bayram günləri ərfəsində 20000-dən çox turist qəbul edən mərkəzdə təkcə 2 yanvar tarixi üçün 6000 nəfərdən çox turist qeydə alınmışdır. Ümumilikdə, qış mövsümü açılandan – 15 dekabr tarixindən bu günədək Şahdağı ziyarət edənlərin sayı 35000 nəfərdən çox olmuşdur.
Mənbə:> AzNews.info