Şeyxdən Qərbə təklif
"Avropa Şurasında Qafqaz Müsəlmanları İdarəsinin də nümayəndəsinin olmasını təklif edirəm".Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Qabriella Battani-Draqonini qəbul edərkən deyib.
Onun sözlərinə görə, QMİ-nin uzun illərlə ölçülən böyük təcrübəsi var və İdarə bir çox məsələlərin həllində yaxından öz köməyini göstərə bilər.
A.Paşazadə bildirib ki, dünyanın müxtəlif yerlərində bəzən dinlərdən insanların öldürülməsi üçün sui-istifadə olunması məyusluq doğurur: "Dünyanın müxtəlif yerlərində müsəlmanlar, xristianlar bir-birilərini öldürürlər. Bu, biz dindarları narahat edir. Xüsusən Suriya, Fələstin və Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Qarabağ probleminin həllini tapmaması bizi çox narahat edir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, Qarabağda bizim məscidlərimiz, sinaqoqlarımız, müqəddəs yerlərimiz var. Bu gün o torpaqlarımızdakı dini-mədəni abidələr dağıdılır. Biz din xadimləri Qarabağın azad olunmasını, münaqişənin Azərbaycan sərhədləri çərçivəsində sülh yolu həll olunmasını istəyirik".
Şeyxülislam qeyd edib ki, bəzi qüvvələr Azərbaycanı haqsız olaraq tənqid edir, burada vicdan azadlığının olmadığını qeyd edirlər: "Azərbaycanda demokratiya inkişaf edir. Azərbaycanın inkişaf yolu bəllidir. Bu yolda dindarlar da dövlətə kömək etməyə hazırdır".
QMİ-nin sədri qeyd edib ki, Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Azərbaycandakı müsəlman, xristian, yəhudi icmaları həmişə birlikdədir, bir-biri ilə məsləhətləşirlər: "Elə olur ki, bir-birimizə kömək etmək üçün yığışırıq. Bizim seçkilərdə onlar, onların icmalarındakı seçkilərdə biz iştirak edirik. Əgər mən buradan yəhudi sinaqoquna getsəm, görərsiniz ki, məni necə sevirlər. Eləcə də yəhudi və ya xristian icmasının nümayəndəsini götürüb məscidə getsək, bunu normal qarşılayacaqlar. Biz hətta birlikdə moizə də edə bilərik. Azərbaycan vətəndaşları din və dilindən asılı olmayaraq, öz Vətəninə sadiq insanlardır. Burada sünnilər və şiələr məsciddə birlikdə namaz qılırlar. Biz, əlbəttə, dövlətin dinə olan münasibətindən bəhrələnirik. Ümummilli Lider Heydər Əliyev bu tolreantlığın ənənəsini qoydu, bu gün isə Prezident İlham Əliyev onun yolunu davam etdirir".
Şeyxülislam Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşündən də müsbət nəticələr gözlədiyini bildirib.
AŞ baş katibinin müavini Q.Battani-Draqoni Azərbaycanda dini sahədəki vəziyyətlə yaxından maraqlanıb.
Görüşdə iştirak edən Azərbaycandakı xristian və yəhudi dini icmalarının rəhbərləri ölkəmizdə insanların 90 faizindən çoxunun müsəlman olmasına baxmayaraq, digər dinlərə də hörmətlə yanaşıldığını, bir-birilərinin dini bayramlarını birlikdə qeyd etdiklərini, dini icmaların fəaliyyəti üçün geniş şərait yaradıldığını, dinlərin və millətlərin dinc və yanaşı yaşadıqlarını vurğulayıblar.
Mənbə:> ANSPRESS