Danimarkada 500 nəfərlik məscid tikilib
Avropa ölkələrindən birində eyni vaxtda 500 nəfərin ibadət edə biləcəyi məscid tikilib.
Avropanın "Mədəniyyət paytaxtı" olan Danimarkanın ikinci böyük şəhəri Arhustada inşası tamamlanan Brabrand Ulu Məscidinin açılış mərasimi keçirilib.
Məscidin inşasına 2014-ci ilin avqust ayında başlanılıb. Danimarkalı bir inşaat firmasının inşa etdiyi məscid üçün təxminən 18 milyon kron (4.4 milyon manat və ya 2.6 milyon dollar) xərcləndiyi bildirilib.
Məscidin sahəsi 200 kvadratmetrdir. İbadət evinin gümbəzinin baza sahəsi 14 kvadratmetr, hündürlüyü 14 metrdir. Gümbəzin naxışı Türkiyədən gələn nəqqaşlar tərəfindən işlənilib. İbadət hissəsindəki xalçalar, minbər və mehrablar da Türkiyədən xüsusi olaraq gətirilib. Məscid kompleks şəklində hazırlanıb, binada konfrans zalı, dərslik, fəallıq otaqları, bufet ilə yeməkxana da yerləşir.
Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.
Mənbə:> Virtualaz.org