Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir

Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən məşhur “Dendrapark” məhv edilir. Bir hissəsi bağ ərazisində məskunlaşmış məcburi köçkünlər tərəfindən hasarlanan, bir hissəsi də yaxınlıqda yaşayan sakinlərin ziblliyə çevirdiyi bağın bu gedişlə yaxın illərdə ancaq adı qalacaq.

Sovet dövründə akademik Həsən Əliyev tərəfindən salınan, müxtəlif ağac tingləri yetişdirilən parka məxsus ərazidə bir neçə çoxmərtəbəli bina tikilib. İndi ağac tingləri parkın çox kiçik hissəsində becərilir. “Dendrapark”ın mərkəzində əvvəllər qayıqla səyahət mümkün olan göl olsa da, artıq həmin gölün üzəri qamışlıqla örtülüb və bataqlıq, çirkab mənbəyinə çevrilib. Göllə yanaşı, bütün bağ ərazisində antisanitariya hökm sürür.

Yaxınlıqda yerləşən binaların sakinləri vaxtilə Bakının ən gözəl və sakit istirahət yerlərindən olan bu bağa havasına görə hələ də gəlirlər. Amma özlərinin dedikləri kimi, bağa ürəklərini sağlam saxlamaq üçün gəlsələr də, buranı ürək ağrısı ilə tərk edirlər. Bağa istirahətə gələnlərlə söhbətimiz zamanı məlum oldu ki, park salınandan “başıbəlalı” olub, dəfələrlə sökmək istəyiblər. “40-45 il əvvəl də buranı sökmək istəyirdilər. Yaxınlıqdakı binada universitet müəllimləri yaşayır, onlar hamısı gəldi, biz yığışıb ərizə yazdıq, “Vışka”, “Kommunist”, “Bakraboçi”yə, bir neçə başqa qəzetə şikayət elədik. Qarşısını aldılar, “Dendrapark”ı sökməyə qoymadılar. Amma sonradan bir hissəsində çayxana açdılar, o biri tərəfdə çoxmərtəbəli binalar tikdilər, beləcə bağı hissələrə parçaladılar. Qalanı da baxımsızlıqdan antisanitariya mənbəyinə çevrilib”, - deyə bağda nəvəsini gəzdirən Səmayə xanım bildirir.

Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir


Hidayət Hüseynov isə deyir ki, 43 ildir dincəlməyə bu bağa gəlir. Amma bağın zəbt olunması, parkın zibilliyə çevrilməsi onu çox narahat edir: ““Dendrapark”ın bu cür baxımsız vəziyyətdə olması bizi çox narahat edir. Bizim başqa gedən yerimiz yoxdur, qoca adamlarıq. Mən 1973-cü ildə 6-cı mikrorayonda ev almışam, o vaxtdan 43 ildir bura gəlirəm. Əvvəl hər gün bu bağda qaçırdım, sonra insult oldum, daha qaça bilmirəm. İndi 84 yaşım var, hər gün gəlib burada otururam. Düzdü, bağa baxırlar, hərdən suvarırlar, amma hərə bir tərəfini zəbt edib. Buna nəzarət edən yoxdur. Lazım olanda biz sakinlər də nəzarət edirik. Məsələn, görəndə ki, uşaqlar yığışıb tonqal qalamaq istəyirlər, imkan vermirik ki, ağaclar od tutar. İndi şəhərdə bu cür yer var? Belə yaşıllığı qorumaq lazımdır”.

Abuzər Mustafayev də günün bir neçə saatını burada hava almaqla keçirir. Deyir ki, bağın natəmizliyi həm də burada dincələn sakinlərdən asılıdır. Gərək hər kəs bu yaşıllığın qədrini bilsin, zibilləməsin: “Mən hərbçiyəm, müharibə veteranıyam. 15 ildir pensiyaya çıxmışam və hər gün azı iki saat burada gəzirəm. Əvvəllər bağa baxanlar çox idi, indi sayı azalıb. Yaşıllaşdırma İdarsi də maraqlanır. Amma gələnlər də bilməlidirlər ki, oturub dincəlibsə, zibilləmək olmaz. Əhali çox natəmizlik edir, gəlir, əlindəki şüşəni atır, yeməyi yeyir, kağızını atır”.

Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir


Sakinlərin sözlərinə görə, bağda həm də infeksiya yayan ağcaqanadların əlindən gəzmək mümkün deyil. Yay aylarında, xüsusən də, axşam saatlarında gölün ətrafında qaynaşan ağcaqanadların yaranma səbəbi buradakı antisanitar vəziyyətdir. Baxımsız olduğundan hər gələn özü ilə gətirdiyi şüşə qabları, yemək qırıntılarını, zir-zibili tullayıb gedir. Yığılıb qalaqlanan zibillərin üfunətli qoxusu ətrafa yayılıb, kəskin iydən gölün ətrafından keçmək mümkün deyil.

Amma bu üfunət mənbəyində balıq tutanlar da tapılır. Bəziləri maraq üçün tor atdıqlarını desələr də, hər gün burada balıq tutub satanların da olduğunu öyrəndik.

Sakinlərin sözlərinə görə, əvvəllər bu bağda göllə yanaşı fontanlar, şəlalə, hovuz, körpülər, dekorativ bitkilər yetişdirilən istixanalar, hətta tutuquşu, bülbül və digər quşların saxlandığı xüsusi yer də var imiş. İndi həmin mənzərədən geriyə xarabalıq və çirkab mənbəyi qalıb.

Bakıdakı “Dendrapark” hissə-hissə hasarlanaraq məhv edilir


Bağın, demək olar ki, dörd tərəfi məcburi köçkünlər tərəfindən tutulub. “Dendrapark”da toyuq-cücə də, mal-heyvan da saxlanılır. Elə buna görə də, bağda ağac tingləri yetişdirilən yer hasara alınıb.

Bağın bir hissəsinin hasarlanmasını işçilər də etiraf edirlər. Amma onlara həmin hasarlara yaxın getməmək tapşırılıb.

Bağda Ş. Kazımovdan başqa bağ nəzarətçilərindən heç kimi tapa bilmədik. Onun sözlərinə görə, işi ot biçmək olduğundan “Dendrapark”ın təmizliyi ilə məşğul olmağa imkanı yoxdur. Parkda 10 nəfərdən artıq əməkdaş çalışsa da, onların hərəsinin öz işi var: tinglərə qulluq edir, ağacları suvarır və ot biçirlər.

“Məcburi köçkünlər əvvəlcə gəlib özlərinə daxma tikiblər, sonra ətrafında ağac əkib hasarlayıblar. Bağın bəzi hissələri də zibilliyə dönüb, amma bizim əlimizdən heç nə gəlmir, ancaq rəhbərliyə xəbər veririk ki, onlar tədbir görsünlər. Onlar da deyiblər ki, hasarlanan ərazilərə yaxın getməyin”, - deyə parkın ərazisində ot biçən fəhlə Şirzad Kazımov bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *