Bakının 4-cü mikrorayonunda həyətyanı sahələr və hasarlar niyə sökülür? – FOTO
Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülür. Binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdılır.
Həmin ərazidə yaşayan sakinlər bununla bağlı virtualaz.org-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, artıq ötən gün axşam saatlarından Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Əlisgəndər İsgəndərov küçəsində söküntü işlərinə başlanılıb. Binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilir və sökülən hasarlar “KamAZ”lara yüklənərək daşınır.
Sakinlər bildirirlər ki, onlara burada park salınacağı deyilsə də, əslində ərazidə çoxmərtəbəli binaların tikilməsi planlaşdırılır.
“Dünəndən söküntü işlərinə başlayıblar. Bizə yalandan deyirlər ki, park salınacaq. Bura park yeridir? Bizdə olan məlumata görə, bu torpaqlar hansısa biznesmenə satılıb və “novostroyka”lar tikiləcək. Sakinlər burada illərlə bağlar salıblar, yaşı 40-50 ili keçən ağaclar var. Düzdür, hələ böyük ağacları kəsməyiblər, amma kiçik ağaclar kəsilir. Yəqin ki, növbəti mərhələdə onlar da kəsiləcək. Yaxşı, əgər park salınacaqsa, ağacları niyə kəsirsiniz?”, -deyə şikayətçilər soruşurlar.
Sakinlər deyirlər ki, bu həyətlərdə çoxmərtəbəli binalar tikilsə, burada nəinki uşaqlar üçün oynamaq və dincəlmək yeri olmayacaq, heç bina sakinləri nəfəs də ala bilməyəcəklər.
Şikayətçilər hasarlanmış ərazilərdə hasarların sökülməsinə etiraz etmirlər. Onları hasarlar söküldükdən sonra illərlə zəhmətlə böyütdükləri meyvə ağaclarının sonrakı aqibəti narahat edir.
Şikayətçilər bildirirlər ki, ağacların kəsilməsi heç də buranın park salmaq niyyəti ilə “abadlaşdırıldığını” göstərmir.
Söküntü işlərindən sonra həmin ərazidə yerləşən köhnə kitabxananın taleyinin necə olacağı da sual altına düşür.
Məsələni aydınlaşdırmaq üçün Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmisi ərazinin satılması və orada çoxmərtəbəli binaların tikilməsi ilə bağlı sakinlərin şikayətinin əsassız olduğunu bildirdi.
Onun sözlərinə görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır və ağac kəsilməsindən söhbət gedə bilməz:
“Həmin ərazidə əsasən binaların birinci mərtəbələrində yaşayan sakinlər tərəfindən qanunsuz zəbt edilən həyətlər var. Onlar əvvəlcə evlərinin qarşısında ağaclar əkir, sonra ərazini hasarlayır, daha sonra da evlərinə qatırlar. Biz o cür qanunsuz hasarları sökürük və əraziləri abadlaşdırırq. Orada ağacların qırılmasından söhbət gedə bilməz. Ola bilər ki, gediş-gəlişə mane olan kol-kos qırılsın”.
Mənbə:> Virtualaz.org